"Bütün erməni hərbi birləşmələri hələ də Azərbaycandan çıxarılmayıb"


“Son aylar xüsusilə Qərb siyasi dairələri və mediasında Azərbaycana qarşı təzyiq kampaniyalarının artırılması ilə xarakterizə olunur. Bu, bizim üçün yeni deyil, mənbələri və səbəbləri bizə yaxşı məlumdur”.

Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin regionda müharibədən sonrakı vəziyyətə dair şərhində yer alıb.
O bildirib ki, erməni işğalına, hərbi cinayətlərə, həm Ermənistanda, həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni irsin dağıdılmasına göz yuman ölkələr tarixi hadisələri bugünkü geosiyasi tələblərə uyğun şərh edəcəklər: “Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan rəhbərliyi bütün kəskin məsələlərin həlli ilə bağlı əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib. Bununla yanaşı, Prezidentin də qeyd etdiyi kimi 30 illik dağıdıcı işğaldan əziyyət çəkən ölkə olaraq biz bütün cəbhələrdə - beynəlxalq hüquq çərçivəsində, beynəlxalq təşkilatlarda, mediada və digər cəbhələrdə hücum diplomatiyasını davam etdirməliyik. Beynəlxalq mediada Azərbaycanın 10 noyabr bəyanatının bəndlərini yerinə yetirməsi ilə bağlı səyləri, xüsusilə Kəlbəcərin boşaldılması üçün verilən vaxtın 10 gün müddətində uzadılması, Mehri-Qafan-Gorus yolunun Azərbaycan seqmentinin açılması, 1400-ə yaxın hərbçi meyitinin təhvil verilməsi və s. kimi xoşməramlı jestləri çox az işıqlandırılır. Onu da qeyd edim ki, adekvat addımları Ermənistan tərəfindən görmürük.

Şəxsi görüşlər zamanı Qərb diplomatları və ekspertləri mənə deyirlər ki, Azərbaycan qalib tərəf kimi “səxavətli” olmalıdır. Onlar qələbənin Azərbaycana böyük qurban və vəsait hesabına başa gəldiyini, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi bir vaxtda bu ərazilərin bərpası ilə bağlı bizi qabaqda çətin işlərin gözlədiyini unudurlar. Öz evlərini, yaxınlarının qəbirlərini dağılmış vəziyyətdə görmüş məcburi köçkünlər, əzizlərini müharibədə, Gəncə, Tərtər, Bərdə hadisələrində itirənlər üzərində nəhəng emosional yük var. Ədalət naminə demək lazımdır ki, bəzi Qərb mediası bu barədə yazır”.
BMTM sədri qeyd edib ki, 1980-ci illərin sonlarında erməni milliyyətçiləri Ermənistanda azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçiriblər və bundan sonrakı fəaliyyətlərini Azərbaycan ərazisində icra etməyə başlayıblar: “Hərbi əməliyyatlardan sonrakı inkişaf və bərpa barədə danışarkən məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Belə ki, Qarabağda erməni məsələsi, erməni irsi və s. ilə yanaşı analoji məsələlər Ermənistanda azərbaycanlılarla bağlı da mövcuddur. Müharibədən sonrakı vəziyyətə dair gündəlikdə duran bir sıra məsələlər var və bunlarla bağlı Azərbaycana güclü təzyiq göstərilir. Bizim buna cavabımız konkret tələblər göstərilməklə adekvat olmalıdır.
Bir sıra beynəlxalq QHT-lər İkinci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə dair bəzi hesabatlar hazırlayıblar. Onların içərisində obyektiv olanları qədər “Human Rights Watch”un bu yaxınlarda hazırladığı nəşr kimi qərəzli mövqe nümayiş etdirənləri də var. Hərbi cinayətlərin araşdırılması son dərəcə vacibdir və bununla yanaşı, Azərbaycan Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə əlaqədar beynəlxalq məhkəmələrdə qaldırdığı hüquqi tələbləri davam etdirməlidir. Bu məsələdə qərəzli mövqe nümayiş etdirən QHT ilə hər növ əməkdaşlıq dayandırılmalıdır”.
F. Şəfiyev saxlanılmış erməni hərbçilərlə bağlı səsləndirilən iddialara da toxunub: “Bu barədə çox yazılır və Qərb ölkələri tərəfindən Azərbaycana güclü təzyiqlər edilir. Qısa şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Lakin 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib. Bu bəndin ikili izahı yoxdur - Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər. Təbii ki, 2020-ci ilin dekabrında 3 azərbaycanlı hərbçini və bir mülki işçini öldürən ermənilərin məsələsi də gündəmdədir. Mənə maraqlıdır ki, amerikalı qanun yazarı Bob Menendesin cəzası verilməmiş cinayət məsələsinə yanaşması necədir? Açığı bu ikiüzlü “qanun yazarı” məni o qədər də narahat etmir”.
O vurğulayıb ki, minalı ərazilərlə bağlı məsələ 10 noyabr bəyanatında öz əksini tapmasa da, mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda, bu problem regionda kommunikasiyaların açılmasına mane törədir: “Kommunikasiya məsələsi isə 10 noyabr bəyanatında öz əksini tapıb. Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır”.   
F. Şəfiyevin sözlərinə görə, UNESCO və bir sıra QHT-lər Azərbaycan ərazisində erməni irsi məsələsini qabardırlar: “Buna cavab olaraq işğaldan olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış məscid və Azərbaycana məxsus digər mədəni abidələrlə bağlı faktlar mövcuddur. Həmçinin Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıq, məscid və digər mədəni irsə dair məsələlər aktualdır. Ona görə də hesab edirəm ki, UNESCO missiyası həm Ermənistana, həm də Azərbaycan səfər etməlidir. Bu çox prinsipial məsələdir. Biz bu problemin qabardılmasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki irsin dağıdılması ilə məhdudlaşdırılmasına imkan verməməliyik. UNESCO bu cür kompleks yanaşmanı qəbul etməzsə, onun missiyasının Azərbaycana səfəri də məqsədəuyğun  deyil. Qərb demokratiyası, o cümlədən ABŞ UNESCO-nun məhz mədəni irslə bağlı tək tərəfli yanaşmasına görə bu təşkilatdan çıxıb”.
BMTM sədri onu da qeyd edib ki, Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib: “Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır. 10 noyabr bəyanatının 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”.
F. Şəfiyev deyib ki, Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli komissiyasının hesabına kommunikasiyanın açılması məsələsində müəyyən irəliləyiş var: “Məhz Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində 10 noyabr bəyanatına Azərbaycanın əsas hissəsi ilə uzun illər Ermənistan tərəfdən blokadada qalmış Naxçıvanı birləşdirən yolun açılması müddəası daxil edilib. Bununla yanaşı, bəyanatda regionda bütün nəqliyyat şəbəkələrinin açılması qeyd olunur və Azərbaycan qanunvericiliyinə əməl etmək şərti ilə bizim üçün Azərbaycanın bütün ərazisində sərbəst hərəkətin təmin olunması vacibdir. Ümumiyyətlə, iqtisadi əməkdaşlıq gələcəkdə regionda sülhün möhkəmlənməsi üçün platforma rolunu oynaya bilər.
Barışıq məsələsi çox çətin və həssas məsələdir. Tez-tez xaricdən olan həmkarlarım bu istiqamətdə mövcud perspektivlər barədə mənə suallarla müraciət edirlər.
Bir sıra qüvvələr bu barışıqda maraqlı deyillər və təəssüf ki, bunu istəməyənlər həm Qərbdə, həm də Rusiyada var. Çox vaxt amerikalı, avropalı və rusiyalı siyasətçilər sırf şəxsi maliyyə və seçki maraqları naminə nifrət təbliğatını aparmağa davam edirlər. Bu, problemin bir hissəsidir.
Problemin digər tərəfi ondan ibarətdir ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti daxilində çoxsaylı emosional faktorlar mövcuddur. Hər iki cəmiyyətdə müəyyən aktorlar ortaya çıxmalıdır və bu işlər sinxron şəkildə həyata keçirilməlidir. Birtərəfli şəkildə barışıq istiqamətində edilən səylər işləməyəcək.
Lakin hansısa formada başlamaq lazımdır və xarici QHT, fondların və s. təcrübəsi bu baxımdan yararlı ol bilər. Bir şərtlə ki, onların işlərinin arxasında hansısa qapalı niyyətlər gizlənməsin. Buna misal olaraq, əvvəllər bəziləri Azərbaycanda ərazi itkisi, yəni faktiki olaraq işğalla barışmaq təbliğatını aparmağa cəhd edirdilər. Bu kimi niyyətlər işləmədi və heç zaman da işləməyəcək.
Əgər Azərbaycanda ermənilərin hüquqlarından danışılırsa, o zaman azərbaycanlıların Ermənistana qaytarılması və onların hüquqları məsələsi ortaya çıxır. Çoxmillətlilik demokratiyanın vacib göstəricilərindən biridir. Bu barədə İrəvanda özlərinə məxsus şəkildə danışmağı sevirlər və çox qəribədir ki, onların müxtəlif fondlardakı himayədarları bu vacib element barədə, daha dəqiq desək, erməni tarixində və müasir dövlətçiliyində bu amilin qeyd olunmamasını heç zaman gündəmə gətirmirlər.  
Ən əsası Cənubi Qafqazın gələcəyinə baxış ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Mən bu barədə avropalı həmkarlarıma da deyirəm. Məhz bu təcrübədən Avropada müharibə sonrası bərpa prosesində istifadə olunub.
Bu gün, 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırımının ildönümüdür. Barışığa dair bənddən sonra bu barədə danışmaq yersiz görünə bilər. Lakin bir çox Qərb siyasətçiləri və ekspertləri 1915-ci il məsələsini qaldırırlarsa, tarixi yaddaş məsələsi birtərəfli olmamalıdır, yoxsa bu sahədə də erməni monopoliyası hökm sürür? Mən artıq Türkiyənin bu məsələ ilə əlaqədar tarixi komissiyanın yaradılması ilə bağlı çoxsaylı təşəbbüslərini bir kənara qoyuram. Faktiki olaraq Türkiyənin boynuna araşdırılmamış “araşdırma”nın nəticələrini qoymaq istəyirlər.
Davamlı sülh antimüsəlman, antitürk və antiAzərbaycan isteriyası olmadan mümkündür. Bununla yanaşı, Qərb mediasında antiAzərbaycan kampaniyasına antiQərb kampaniyası ilə cavab verməməliyik. Hər şey kifayət qədər qəlizdir. Qərb ölkələri arasında bizim müstəqilliyimizin möhkəmlənməsini istəyən ölkələr hər zaman olub və indi də var. Lakin bizim zəifləməyimizi arzulayanlar da mövcuddur. Onlar Şərqdə də var.
Təcrübə göstərir ki, Ermənistanın güc tətbiq etməsinə və işğala Azərbaycanın diplomatik səyləri kifayət etmədi. Hər şeyi yenə güc yolu ilə həll olundu. Ona görə də xaricdən istənilən təzyiqə adekvat cavab verilməlidir. Hazırda siyasətimizdə məhz bu xətti müşahidə edirik.
Regionda sülh Cənubi Qafqazda bütün tərəflər gələcəyin əməkdaşlıqdan asılı olduğuna əmin olduqdan sonra bərpa olacaq”. //APA​​​​​

DİGƏR XƏBƏRLƏR

Top