Türkiyədə yaşayan azərbaycanlı akademikin Recep İvedik etirazı

Şahan Gökbakarın baş rolda yer aldığı “Recep İvedik 5” filminin treyleri ötən gün yayımlanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 14 saata yaxın müddət ərzində 2 milyon insan həmin treyleri izləyib. Fevralın 17-də təqdimatı keçiriləcək filmə ilk etiraz edənlərdən biri Türkiyənin Giresun Universitetinin Azərbaycan əsilli akademiki professor doktor Aygün Attar olub. İki gün əvvəl Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25 illiyinin qeyd edildiyini qeyd edən A.Attar bu dövrdə yayımlanan filmin treylerindəki səhnəyə görə bir azərbaycanlı olaraq məyus olduğunu bildirib:“Treylerdə Türkiyə-Azərbaycan əlaqələri adına çox uğursuz səhnələrə yer verilib. Belə ki, boks yarışında Azərbaycanı təmsil edən idmançı ilə rəqibi Türkiyə millisinin üzvü qarşılaşır. Azərbaycan bayrağını sinəsində daşıyan idmançı “mən səninlə cəng eləməyə gəlmişəm” deyərək türk idmançıya nifrətlə hücum çəkir və türkiyəli boksçu da (Recep İvedik) “mən də sənin ağzını burnunu qırmağa gəlmişəm” deyərək düz Azərbaycan bayrağının üzərinə elə bir yumruq atır ki, azərbaycanlı türk iki metr aralı uçaraq yerə sərilir. Heç kəs filmdəki bu səhnənin adi bir komediya olduğunu və insanları güldürmək üçün çəkildiyini başa sala bilməz”. A. Attar əlavə edib ki, Azərbaycanda da cəng etmək ifadəsinin yerinə daha çox savaşmaq və döyüşmək sözlərindən istifidadə edilir: “Bu ifadə Türkiyəyə qarşı heç vaxt istifadə edilməz. Ətrafımızda bu qədər çox rəqibimiz olduğu halda bir millət iki dövlətin təmsilçilərinin qarşı-qarşıya gətirilməsinin zarafatı belə gözəl deyildir. Dünyanın heç bir dövlətinin bayrağına komediya naminə yumruq vurulması qəbul edilməzdir”. Akademik filmlə əlaqədar bütün hüquqi addımların atılacağını da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top