“Acınohur düzündə ərəb turistlərin nadir quşları ovlaması Qax Dövlət Yasaqlığı ərazisində baş verməyib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “facebook” səhifəsində canlı yayımlanan veriliş zamanı İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov deyib.
O bildirib ki, Acınohurda yasaqlığın 24 min hektar ərazisi var.
“Acınohurun düzən ərazisi 50 min hektara yaxındır və Şəki Ovçuluq təsərrüfatı Qax yasaqlığında deyil. Həmin hadisə yasaqlıq ərazisində baş verməyib. Qax yasaqlığının sərhədində Şəki ovçuluq təsərrüfatı var. Orada ov mövsümündə, həmçinin xarici vətəndaşların ov turizmi təşkil olunur. Biz ova icazə verən deyilik, nə də ona yol verən deyilik. Biz qanunvericiliyə uyğun olaraq tədbir görə bilərik”.
A. Muradov izləyicilərin suallarını cavablandırarkən həmçinin ərəblərin ov quşlarına göyərçinləri yem etməsi ilə bağlı iddialara da münasibət bildirib:
“Bəzi vətəndaşlar ev göyərçinlərini tutub əcnəbilərə öz ov quşlarını yemləmək üçün satırlar. Onlar çöl göyərçinləri deyil. Bunları simulyasiya edib ittiham açmaq düzgün deyil. Həmin əcnəbi turistlər quş təlimi ilə məşğul olublar. Şahinlərinə ov elətdiriblər. Nə dərəcədə acımasızdır, bunun günahı, amansızlığı qoy özlərinin boynuna olsun. Bizim həm texniki, həm fiziki cəhətdən nəyə qarışmaq imkanımız var idisə, biz onu etmişik. Kaş siz də bizim yanımızda olub dəstək olardınız, ictimai qınaq etməyə, kiminsə gözündə bir tir görməyə nə var ki?!”