"İnsanları şantaj edərək siyasətdən uzaqlaşdırmaq qəbuledilməzdir"


Sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid edilən görüntülərin yayılması ölkənin əsas müzakirə mövzularından birinə çevrilib.
Yeniavaz.com
Azərbaycandakı siyasi partiya rəhbərlərinin məsələ ilə bağlı fikirlərini öyrənib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, onun fikrincə bu addım, Azərbaycanda iqtidar-müxalifət münasibətini düşmənçilik müstəvisinə qaldırmaq məqsədi daşıyır və üçüncü qüvvələr tərəfindən atılıb:
"Mənə elə gəlir ki, bu, Azərbaycanda iqtidar-müxalifət münasibətini düşmənçilik müstəvisinə qaldırmaq, hökumətin son vaxtlar ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə qaldırılması cəhdlərinin hamısının üstündən xətt çəkmək, yenidən əvvəlki illərdəki kimi iqtidar-müxalifət düşmənçiliyi üzərində Azərbaycanı xarici dövlətlərin təsir dairsəində saxlamaq istiqamətində fəaliyyət göstərən qüvvələrin işidir. Ümid edirəm ki, hökumət bu məsələni araşdıracaq, bu addımı atan adamlar cəzalandırılacaq. Hər kəs dərhal bunu hökumətin adına yazır. Amma unutmayaq ki, Azərbaycanda stabilliyi pozmaq, bütün bu münasibətləri gətirib biabırçı vəziyyətə salmaq üçün burada hətta xüsusi kəşfiyyat orqanlarının da əli ola bilər. Zatən hamı bilir ki, bu çox böyük nöqsandır. Həm Amerika, həm Avropa bu məsələyə görə hökumətə həddindən artıq təzyiqlər göstərəcək. Hökumət nəyə görə belə təzyiqləri gözə almalıdır. İndiki halda Amerika Azərbaycana təklif edir ki, əməkdaşlıq edək. Bu tərəfdən də Amerika ilə əməkdaşlığa çox ciddi təhdid yaradan bir hadisə ortalığa çıxır, sizcə bu, məntiqəuyğundur? Mənə elə gəlir ki, bunu hansısa üçüncü qüvvələr edir. Baxın, orada o oğlanın üzü göstərilmir. Xüsusi olaraq buradan göndərilir və o, gedib o işi edir. Hadisə Amerikada olub. Daha çox üçüncü qüvvələrin bu işi elədiyini düşünürəm. Hökumət bunu pisləyəcəyi təqdirdə, üstünə gedəcəyi təqdirdə təbii ki, hər şey öz yerinə oturacaq. Hər halda siyasi mübarizədə şəxsi həyata aid olan məsələlərin qabardılması, önə çıxarılması, ümumiyyətlə həm siyasətin özünü effektsiz edir, həm Azərbaycanda çox pis bir ənənə formalaşdırır, həm də bizim siyasi səviyyəmizi aşağı salır. Çox təəssüf ki, müəyyən bir dövrdə yenə də, elə 5-ci kolonun nümayəndələri Azərbaycanda belə qeyri əxlaqi mübarizə üsullarını dəbə saldılar. Ondan sonra da müxalifət buna adekvat cavab verdi. Və bu gün ortalıqda belə biabırçı faktlar  var. Məsələn, blogerlər eyni qaydada təhqiramiz çıxışlar edirlər, hökumət də və yaxud hansısa qüvvələr buna cavab verir. Və getikcə bu məsələ daha iyrənc bir forma alır. Bu nə iqtidara, nə müxalifətə, nə də Azərbaycana başucalığı gətirən bir məsələ deyil. Millətimiz haqqında yanlış təəssüratlar yaradan məsələdir. Təhlil edəndə məlum olur ki, bu hadisənin xeyri ancaq üçüncü qüvvələrə dəyə bilər. Daxildə bu nə hökumətin reytinqinə müsbət təsir edə bilər, nə müxalifətin reytinqinə mənfi təsir edə bilər. Sadəcə olaraq ara qarışacağı təqdirdə, iqtidar-müxalifət bir-birinə girişəcəyi təqdirdə, Azərbaycan beynəlxalq qara siyahılarda birinci yerə gətiriləcəyi təqdirdə ziyan Azərbaycana, xalqımıza dəyəcək. Bunu belə də başa düşmək lazımdır. Əgər Azərbaycana və xalqa ziyan dəyəcəksə demək ki, bunu edən tamamilə başqa qüvvələrdir. Mənə elə gəlir ki, bu, daha çox hökumət əleyhdarı olan, əlində imkanları olan insanların işidir. Amma bunun da yeganə sübutu o olacaq ki, hökumət bu məsələnin üstünə getsin, araşdırsın və bu addımı atan adamların kimliyi müəyyən olunaraq cəzalandırılsın".

Ağ Partiyanın sədri Tural Abbaslının fikrincə isə bu hal, iqtidar və müxalifət arasında mübarizə üsullarının əvvəlcədən razılaşdırılmamasından qaynaqlanır:
“Mən düşünürəm ki, ümumiyyətlə siyasi rəqabətdə şəxsi zəminə keçilməməlidir. Yəni siyasi rəqbət düşmənçilik deyil, rəqabət platformasında qalmalıdır. İstər iqtidar, istər müxalifət olsun, bunu hər bir düşərgəyə aid edirəm. Yəni biz rəqibiksə, rəqibimizin fəaliyyətini, sözlərini, fikirlərini, ifadələrini, addımlarını tənqid etməliyik. Onun ailəsinin, qohum-əqrəbalarının, yaxınlarının həyat tərzini müzakirə predimeti eləməli deyilik. Hələ-hələ, bu, qanunsuz yollarla əldə olunan hər hansı materiallardırsa, belə nüanslar qəbuledilməzdir. Həmçinin, özünü müxalifət hesab edən kimlərinsə, qarşı tərəfi təhqir etməsi və yaxud da, Azərbaycan milli-mənəvi dəyərlərinə uyğun olmayan üsullardan istifadə edərək mübarizə aparması, hər iki düşərgə üçün zərərli metoddur. Ona görə də ümumi bir razılaşma olmalıdır, ümumi bir oyun qaydaları olmalıdır ki, hansı xətlər keçilməməlidir, hansı qırmızı xətlərdə dayanılmalıdır və hansı sərhədlər qorunmalıdır. Bu məsələ çox həssas məsələdir. Müasir texnika və texnologiyanın inkişafı onu göstərdi ki, toxunulmaz adam qalmır, qalmayacaq. Yəni kimsə oturub Amerikada iqtidarı tənqid yox, hətta müxtəlif formalarda təhqir edə bilər. Və bunun qarşısını almaqda təbii ki, iqtidar belə aciz olacaq. Ona görə də iqtidar da anlamalıdır ki, bütün inzibati resurslar mənim əlimdədirsə, mən istədiyim vaxt oyun qaydalarını pozaram, istədiyim vaxt oyun qaydaları tələb edərəm deyə bir şey yoxdur. İlk növbədə iqtidar oyun qaydalarına əməl etməlidir. Siyasi rəqabəti siyasi rəqabət formatına qaytarmalıdır və ondan sonra artıq qarşı tərəfdən də eyni qaydalara əməl etməyi tələb etməlidir. Mən düşünürəm ki, bu qaydasızlığın gətirdiyi anormallıqdır. Sonuncu videoya gəldikdə isə, hərkəsin əxlaqı, dünyagörüşü onun şəxsi işidir. Bizə aidiyyatı olan odur ki, bu məsələ kim tərəfindən ortaya atılıb, kimlər bunu edib, niyə edib və bu, indiki vəziyyətdə lazım idimi? İqtidar düşərgəsi də düşünməlidir ki, bu addım onlara lazım idimi? Yaxud da ki, müxalifətin bu məsələyə reaksiyası necə olacaq? Mən düşünürəm ki, bu nəticədir. Nəticəni analiz etmək yox, bu nəticəyə gətirən səbəbləri analiz edib, səbəbləri aradan qaldırmaq lazımdır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, istər müxalifət, istər iqtidar, istərsə də cəmiyyətin hər hansı bir üzvü barədə bu cür məsələlərin, xüsusilə də şantaj və siyasi məqsədlərlə yayılmasını yolverilməzdir:
“Biz bunu pisləyirik. Bütün Azərbaycan vətəndaşlarının konstitusiya ilə qorunan hüquqlarına bu məsələdə də dönmədən əməl olunmalıdır və dövlət orqanları öz vətəndaşlarını bu cür məsələlərdən qorumalıdır”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə sosial şəbkələrdə bu məsələni ən çox tənqid edənlərin, elə bu üsullardan istifadə edənlər olduğunu deyib:
“Təbii ki, kimliyindən asılı olmayaraq insanların şəxsi həyatına müdaxilə biabırçılıqdır, mədəniyyətsizlikdir, əxlaqsızlıqdır və yolverilməzdir. Söhbət burada insanların statusundan getməli deyil. Kim kiminlədir, kim hansı sözü danışır, kim nəyi deyir, bu yolverilməzdir və bunu, ümumiyyətlə Azərbaycanda siyasi mədəniyyətin ən aşağı səviyyəsi hesab edirəm. Biz bu şəkildə heç nəyə nail ola bilmərik. Biz tamamən cəmiyyətə olan bu cür stereotipləri qırmalıyıq, bu cür mübarizə üsullarını məhv etməliyik. Məni burada narahat edən digər bir məqam da var. Bu məqam da heç kəsin öz gözündə tiri görməməsidir. Baxdım ki, sosial şəbəkədə bunu ən çox kimlər tənqid edir? Təbii ki, hər kəs bunu tənqid etməlidir, bu yolverilməzdir. Hər kəs pisləyir və heç kim bunu qəbul etmir. İnsanın şəxsi həyatına müdaxilə etmək olmaz. Gecə vaxtı, gündüz vaxtı dörd divar arasında kim nə ilə məşğul olursa, onun heç kimə dəxli yoxdur. Amma bir neçə nəfər var, onlar zamanında elə məni də, digərlərini də hədəf almışdılar. Ən alçaq şəkildə insanların ailə üzvlərinin şəkillərini yayıb, şantaj edirdilər, ən alçaq söyüşləri edirdilər. İndi onlar bu məsələni tənqid edirlər, bu məsələyə əxlaqsızlıq kimi yanaşırlar. Bax bu cür əxlaqsızlıqları onlar kimi insanlar gətidilər cəmiyyətə. Onlar cəmiyyəti söyüşlə, bu cür əxlaqsızlıqla bəslədilər, indi də onlar bunu tənqid edir. Əslində cəmiyyətin buna ehtiyacını yaratdılar. Sanki hər kəs digərlərinə qarşı belə addımlar ata bilər, həyatına müdaxilə edə bilər. Bunlar da məsələni artıq iqtidar müxalifət məsələlərinə gətirib çıxardılar. İqtidar müxalifəti, müxalifət də iqtidarı bu şəkildə şantaj edir. Çox ayıbdır. Əgər biz onları boykot etməsək bu cür məsələlərin sayı çoxalacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hakimiyyət məsuliyyəti üzərinə götürüb araşdırma aparmalıdır:
“Şəxsi həyatı yaymaq, insanları şantaj edərək siyasətdən uzaqlaşdırmağa çalışmaq qəbuledilməzdir. Bu həm cəmiyyət üçün, həm də hakimiyyətin özü üçün yaxşı heç nə vəd etmir. 
Bu cür hərəkətlər qanunaziddir. Çox təəssüf edirəm ki, siyasi mübarizə və münasibətlər sistemi gəlib bu yerə çatıb. 
Konstitusiyaya görə, hər bir insanın şəxsi həyatı toxunulmazdır. Heç kimin yaşam tərzi müzakirə predmetinə çevrilə bilməz və buna görə kimsə qınana bilməz. Qeyri-qanuni şəkildə kiminsə ailə həyatına, yataq otağına burun soxmaq mənəvi dəyərlərə də uyğun gəlmir. Hesab edirəm ki, hakimiyyət məsuliyyəti üzərinə götürüb araşdırma aparmalıdır. Ya hakimiyyət bu addımı özünün atdığını təsdiq etməli, ya da bu işdə əli olmaması və mübarizənin bu yerə çıxmaması ilə bağlı cəmiyyətə aydın bir fikir söyləməlidir. Belə bir addım atmaq siyasi cəhətdən çox böyük əxlaqsızlıqdır. Kim necə yaşayır, kim hansı həyat tərzini seçirsə, bu onun şəxsi işidir. Kiminsə həmin həyat tərzindən xoşu gəlmirsə, o cür yaşamasın, bu da onun seçimidir. Lakin şəxsi həyatı yaymaq, insanları şantaj edərək, siyasətdən uzaqlaşdırmağa çalışmaq qəbul edilməzdir. Bu, həm cəmiyyət, həm də hakimiyyət üçün yaxşı heç nə vəd etmir. Bu münasibətlər sistemi ilə yaxşı heç bir şey olmayacaq, bununla heç kim qazanmayacaq, əksinə, cəmiyyət və dövlət itirəcək”.

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə məsələyə özünün “facebook” səhifəsinə münasibət bildirib. O, belə addımlara qarşı susmağın, reaksiya verib reklam etməkdən daha məntiqli olduğunu yazıb:
“Şəxsi həyata müdaxilə əxlaqsızlıqdır, bunu kim edirsə, ən alçaq hərəkət edir. Bunu edənlərin motivi belə videoların daha çox yayılmasıdır, TV-də göstərə bilməzlər, bu cinayətin etirafı olar. Deməli qalır internet. Məncə, belə məsələləri tam iqnor etmək, yaymamaq lazımdır. Təəssüf ki, bu işi edənlər, elə məsələyə etiraz edənlərin əli ilə daha geniş yayırlar, məqsədlərinə nail olurlar. Çünki, cəmiyyətimiz konservativdir, sosial şəbəkələrdə 2000-3000 nəfərin Cəmil bəyə dəstək olması, hələ topumun da belə düşünməsi demək deyil. Deməli, bu əxlaqsızlığı təşkil edənlərin istəyi odur ki, toplumun daha geniş kəsimi məsələni bilsin və Cəmil müəllimin siyasi perspektivi sıfırlansın. Bunu nəzərə almaq lazımdır, bəzən belə alçaq hərəkətlərə susmaq, reaksiya verib reklam etməkdən daha məntiqlidir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən məsələnin araşdırılması üçün heç bir müraciət daxil olmadığı bildirilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top