“Azərişıq” nizamnamə kapitalı 10 manat olan şirkətdən 10 milyonluq sayğac alır - MÜƏMMA


"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Müxtəlif tipli sayğacların satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Enerji Təchizat-V" MMC olub. “Azərişıq” ASC qeyd olunan məhsullara görə "Enerji Təchizat-V" MMC-yə 9 milyon 778 min 837 manat ödəycək.
Məlumat üçün bildirək ki, "Enerji Təchizat-V" MMC cəmi bir il əvvəl – 24.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nərimanov rayonu, Təbriz, ev 105/35, m.227E”-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Balazadə Vüqar Niyaz oğludur.
Onu da bildirək ki, təsis olunduqdan cəmi bir il sonra 10 milyon manatlıq tenderin qalibi olan "Enerji Təchizat-V" MMC barədə açıq internet resurslarda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Nə rəsmi veb-səhifəsi, nə də sosial şəbəkə hesablarına sahib olmayan MMC-nin analoji sahədə hansı təcrübəsinin olduğu da bilinmir. Halbuki "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top