YAP üzvü alim Cəmil Həsənliyə görə partiyadan istefa verdi: "Görünür ölkədə şəxsi həyat sirri dövlət tərəfindən qorunmur"


YAP üzvü alim Cəmil Həsənliyə görə partiyadan istefa verdi.
Hüquq üzrə fəlsəfə doktoru, tədqiqatçı alim Elvar Mirzəoğlu Milli Şura sədri Cəmil Həsənliyə qarşı mənəvi terrorla bağlı ölkə başçısı İlham Əliyevə etiraz məktubu ünvanlayıb. O, müraciətin sonunda baş verənlərə görə təmsil olunduğu Yeni Azərbaycan Partiyasından istefa verdiyini də bəyan edib. Onun yazdığı məktubu təqdim edirik:
"Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət edirəm:
Mən, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının üzvüyəm, hüquq elmləri üzrə fəlsəfə doktoruyam, M. Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi; ədalət mühakiməsi və prokuror nəzarəti” kafedrasının doktorantıyam. Elmi rəhbərim K. F. Kutsenko olmuşdur, on il SSRİ-nin ABŞ-da səfiri vəzifəsində işləmişdir, indi rəhmətə gedib. Hal-hazırda elmi rəhbərim Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin “Kriminalistika” kafedrasının müdiri, Gürcüstan Baş prokurorluğunun Tədris Mərkəzinin rəisi, Gürcüstan Baş prokurorunun müavini Papiaşvili Şota Georgiyeviçdir. Onlarla elmi məqalənin və insan haqları ilə bağlı elmi monoqrafiyanın müəllifiyəm. Gürcüstanın sabiq prezidenti M. Saakaşvili ilə dostluq münasibətlərim var.
Bütün bunları ona görə yazıram ki, məni düzgün, əqli cəhətdən kamil insan kimi anlayıb, yazdıqlarıma mahiyyəti üzrə qiymət verəsiniz.
Son vaxtlar Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətində kifayyət qədər nüfuz qazanan ləyaqətli insanların şəxsi həyatına ciddi müdaxilələr baş verir, onların özlərinin və ya yetkinlik yaşına çatmış ailə üzvlərinin qeyri-qanuni, gizli intim videoları çəkilərək, ictimaiyyətə təqdim olunur. Baş verən mənəviyyatsızlıqlara və ciddi qanun pozuntuları ilə bağlı dövlət orqanları tərəfindən heç bir əməli təsir tədbirləri görülmür və bu, məndə ciddi narahatlıq yaradır, hətta bu kimi hərəkətlərin yayılmasında dövlət orqanlarının bu və ya digər formada iştirakını istisna etmirəm və bu kimi qanunazidd əməllər məndə əsaslı şübhələr yaradır.
Ölkədə başverən bu kimi qeyri-etik, cəmiyyəti sarsıdan qanunsuz əməllər mənə əsas verir ki, Sizin rəhbərlik etdiyiniz partiyadan istefa verim. Əxlaqsızlığın tüğyan etdiyi ölkədə xüsusilə, üzvü olduğum partiyanın bu kimi nanəcib əməllərə susqunluğu, ciddi reaksiya verməməsi məni olduqca çox narahat edir və hətta deyərdim ki, övladlarımdan, yaxınlarımdan çox narahatam. Çünki, görünür ölkədə şəxsi həyat sirri dövlət tərəfindən qorunmur əksinə, ictimailəşir...
İndiyə qədər başverənlərin ən yaramaz, alçaq və namussuz forması, Milli Şuranın Sədri, dünya şöhrətli alim, Azərbaycanın mənəvi sərvəti, professor Cəmil Həsənlinin ailəsinə qarşı edilən tərbiyəsizlikdir.
Yuxarıda qeyd etdiklərimə istinad edərək, səmimi olaraq üzvü olduğum Yeni Azərbaycan Partiyasından istefa verirəm və Milli Şuranın sədri, professor Cəmil Həsənlidən xahiş edirəm ki, məni Milli Şuraya üzv qəbul etsin".

DİGƏR XƏBƏRLƏR

Top