Millimiz Britaniyadakı yarışa viza səbəbindən gedə bilməyib


25-28 mart tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş para pauerliftinq üzrə Dünya Kubokuna millimiz qatıla bilməyib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, dörd idmançıdan ibarət millimiz Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışa sözügedən ölkəyə viza ala bilməməsi səbəbindən yollana bilməyib.
Komandanın baş məşqçisi İlqar İbişovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunu təsdiqlədi:
“Bəli, viza səbəbindən bu yarışda iştirak edə bilmədik. Mənə belə deyilib. Həm də karantin məhdudiyyətləri var idi. Bizim üçün ilin ilk yarışı idi. 5-8 martda Kolumbiyanın paytaxtı Boqotada ilin ilk Dünya Kuboku keçirilmişdi. Yol uzaqlığı və yarışa tam hazır olmamağımız üzündən ora da getməmişdik. Kolumbiyaya getsəydik, nəticə qazana bilməyəcəkdik, çünki onda yenicə məşqlərə başlamışdıq.
Mayda Tbilisidəki Dünya Kubokunda iştirak edəcəyik. Mançesterə gedə bilməməyimiz reytinq baxımından qorxulu deyil. Məsələn, 5-9 mayda Banqkokda keçiriləcək Dünya Kubokunda da iştirak etməyəcəyik. Bütün yarışlara getsək, gücümüz qalmaz. Çünki Tbilisidəki yarışla arasında vaxt məsafəsi azdır. Üstəlik, Tailanda səfər böyük maliyyə tələb edir”.
O, 24 avqust – 5 sentyabr tarixlərində Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında para pauerliftinqdən dörd idmançımızın vəsiqə qazana biləcəyini bildirib:
“Hazırda millimizin kapitanı Elşən Hüseynov reytinqdə 107 kq-da dördüncü, Pərvin Məmmədov 49 kq-da yeddinci, Şamo Aslanov +107 kq-da səkkizincidir. Hazırkı nəticə ilə bizim üç idmançımız Paralimpiya Oyunlarına vəsiqə qazanır. Ona görə də Tbilisi və Dubayda yaxşı çıxış edib, reytinqdəki yerimizi qorumalıyıq. Nurlan Babacanov isə 97 kq-da doqquzuncu yerdədir. Onun da Paralimpiya Oyunlarına vəsiqə qazanmaq şansı var. Uşaqlar indi yaxşı formadadır”.
Qeyd edək ki, millimiz 20-23 mayda Gürcüstanın paytaxtı Tbilisidə və 19-26 iyunda BƏƏ-nin Dubay şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak etməklə Paralimpiya Oyunlarına vəsiqəni qazanmağa çalışacaq. İyulun 1-də isə Paralimpiadaya hər çəki kateqoriyası üzrə vəsiqə qazanan ilk səkkiz idmançının adı açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top