
"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"dir həcminə görə ən böyük xəritədir: 177 səhifə. Əhəmiyyəti və ona bəslənilən ümidlər böyükdür, çünki ölkənin ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması çox vacib məsələdir. Lakin sənədin yeganə üstünlüyü elə həcmidir". Yeniavaz.com xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, xəritənin bazar iqtisadiyyatına aidiyyəti azdır, ona görə ki, oradakı planların institutsional dəstəyi (mülkiyyət hüququ və rəqabətin müdafiəsi və s.) haqda heç nə deyilmir: "Məsələn, kənd təsərrüfatında kooperasiyanın inkişafı haqda xeyli danışılır. Həqiqətən, lazımlı şeydir! Amma qanunlar işləmirsə, məhkəmələr ədalətsizdirsə, insanlar birgə fəaliyyət göstərməyəcək, çünki əminlik hissi yoxdur. Kooperativlər haqda heç normal qanunvericilik yoxdur, sahibkarların torpaqları yerli icra başçıları tərəfindən kefləri istəyəndə zəbt olunur, "Azərişıq" kimi təşkilatlar inhisarçı vəziyyətindən sui-istifadə edərək sahibkarların başına oyun açır və s. Bu məsələlər həll olunmasa, digərlərinin əhəmiyyəti belə yoxdur!
Düzdür, sənəddə dünyadakı və Azərbaycandakı statistikanın (etimad edib-etməmək başqa məsələdir) və trendlərin təhlili maraqlıdır. Məsələn, orada deyilir ki, bitkiçilik sahəsində göstəricimiz ümumi dünya göstəricisindən aşağı, heyvandarlıq sahəsində isə əksinə, əsaslı şəkildə yuxarıdır. Aqrar təsərrüfatımızın ekstensiv istehsal üsulu ilə işləməsi də dəfələrlə vurğulanır. Zəif tərəflərimizin güclü tərəflərimizdən xeyli çox olması 41-42-ci səhifələrdə açıq-aşkar vurğulanır. Yəni özünütənqid az deyil və bu, yaxşı haldır. Amma bəzi məsələlərdə səmimiyyət yoxdur. Məsələn, kənd təsərrüfatına ayrılmış kreditlər üzrə rəqəmlər həqiqəti əks etdirmir, çünki həmin vəsaitin xeyli hissəsi "şapka"ya gedib. Buna görə də Xəritədə növbəti qurumların (Ərzaq Təhlükəsizliyi Komissiyası və s.) yaradılması təklifləri narahatlığı daha da artırır. Ümumiyyətlə isə sənədi oxuyanda elə təəssürat yaranır ki, yeganə ümid yerimiz Rusiyadır: Rusiya bazarı böyükdür, kənd təsərrüfatı məhsullarına ehtiyacı çoxdur, gəlin, pomidor, xiyar, xurma, gilas, alma, fındıq və s. ora ixracını artıraq, vəssalam. Arada bir neçə dəfə İran, hərdən bir Avropa da xatırlanır. Sanki, məsələn, Rusiya hazırda Qərb sanksiyalarına görə öz istehsalını artırmır. Axı Xəritənin özündə də deyilir: "Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın demək olar ki, 37 faizini ödəyir". Bəs ağlımıza gəlmir ki, Rusiya da yəqin bizə öz ixracını artırmaq istəyir? Bəlkə heç olmasa özümüzü təmin edək əvvəlcə ki, idxala lüzum qalmasın".
Əkrəm Həsənov bildirib ki, təkcə bu Xəritənin icrasına 1,17 mlrd. manat vəsait xərclənəcək.
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz