Dəstəsi 10-20 qəpik, faydası misilsiz


Göyərtilər süfrəmizin ayrılmaz hissəsidir. Həm də çeşid zənginliyinə görə mətbəximizdə özünəməxsus yer tutur. Göyərtilər xörəklərə dad və ləzzət verməklə yanaşı, xoş ətri ilə iştahanı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm olunmasını və tez mənimsənilməsini təmin edir. Göyərtilər təzə və ya quru halda istifadə edilir.

Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin “Göyərtilərin faydası” adlı maarifləndirici materialda qeyd edilir ki, göyərtilər bioloji aktiv maddə və vitaminlərlə, üzvü turşularla, xüsusilə də askorbin turşusu, karotin, B qrup vitaminləri, fitonsidlərlə zəngindir. Göyərtilər həm də bakterisid xüsusiyyətə malikdir. Bununla yanaşı, göyərtilər müalicəvi xüsusiyyətinə görə də orqanizmin sağlamlığında və immun sistemin möhkəmlənməsində mühüm rol oynayır.

Cəfəri özünəməxsus dadı və ətri ilə fərqlənir. Cəfəri bitkisi C vitamini ilə olduqca zəngindir və elə buna görə də immun sistemin möhkəmlənməsinə müsbət təsir edir. Zökəm zamanı limon əvəzinə istifadə oluna bilər. Cəfəri antioksidant təsirə malikdir, eləcə də qandurulducudur. Həmçinin cəfərinin tərkibində həzm sistemini yaxşılaşdıran bir sıra faydalı maddələr var. Cəfəri təzə halda müxtəlif yemək və salatların hazırlanmasında, eləcə də konserv sənayesində geniş istifadə olunur.

Kərəviz kalium, fosfor, kalsium, maqnezium elementləri və A, E, B, K və C vitaminləri ilə zəngindir. Kərəviz iştahanı artırır, həzm prosesini yaxşılaşdırır, immun sistemini gücləndirir. Bir sözlə, zəngin tərkibi ilə bir çox xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir. Kərəvizin yarpaqlarından bir çox xörəklərin və salatların hazırlanmasında geniş istifadə olunur.

Yaşıl soğanın yetişdirilməsi çox asandır. Onun tərkibi A, C və E vitaminləri ilə zəngindir. Müalicəvi xüsusiyyətinə görə geniş istifadə olunan yaşıl soğan avitaminoz və zökəmlə mübarizədə, eləcə də diş, saç və dırnaqların möhkəmlənməsində olduqca faydalıdır.

Keşniş gündəlik qidalanmada geniş istifadə olunur. Tərkibi efir yağları, A, В, C, Е, K, PP vitaminləri və mikroelementlərlə zəngindir. Keşniş həzm prosesini yaxşılaşdırır, iştahanı artırır. Onun özünəməxsus xüsusiyyətlərindən biri də sinir sisteminə sakitləşdirici təsir göstərməsidir. Lakin həddən artıq qəbul etdikdə keşniş yuxugətirici təsir göstərir, yaddaşı zəiflədir. Təzə keşnişdən müxtəlif xörəklərin və salatların hazırlanmasında geniş istifadə olunur. Keşnişin toxumları isə konserv sənayesində, eləcə də qənnadı məmulatlarının hazırlanmasında ədviyyat kimi işlədilir. Onun toxumlarından alınan efir yağı ətriyyat və sabun sənayesində istifadə edilir.

İspanaq maqnezium, dəmir, manqan, kalsium, kalium elementləri, fol turşusu, eləcə də A, B, C və K vitaminləri ilə olduqca zəngindir. İspanaq həzm sisteminin işini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini normallaşdırır, immun sistemini gücləndirir və orqanizmi möhkəmləndirir. Tərkibi fol turşusu ilə zəngin olduğundan qanyaranmaya təsir göstərir, anemiya və hamiləlik zamanı faydalıdır.

Vəzəri geniş istifadə edilən bitkidir, təzə halda qida maddələri ilə birlikdə və ya salatların tərkibində yeyilir. Xoş və acıtəhər dada malik olması onunla izah edilir ki, tərkibində kalium, kalsium, C vitamini, karotin, yod və dəmir kimi maddələr vardır. Qeyd edək ki, göyərtilər arasında vəzəri xüsusi olaraq seçilir. Tərkibi orqanizm üçün lazım olan faydalı maddələrlə zəngin olduğundan vəzəri “sağlamlıq göyərtisi” də adlandırılır. Vəzərinin mikrob əleyhinə təsiri məlumdur. Bağırsaqların fəaliyyətində və tənəffüs sisteminin tənzimlənməsində onun faydası çoxdur.

Nanə çox qiymətli bitkidir. Tərkibi A, C, B9 vitaminləri, kalium, dəmir, kalsium, maqnezium, mis, natrium, sink, fosfor elementləri və efir yağları ilə zəngindir. Orqanizmə sakitləşdirici təsir göstərir, mədə ağrılarını aradan qaldırır. Nanənin xoş ətirli olmasının səbəbi tərkibindəki mentoldur. Nanə təzə halda müxtəlif xörək və salatların hazırlanmasında geniş istifadə edilir. Qurudulmuş nanə isə ədviyyat kimi xörəklərə xoş ətir verir və faydalı maddələrlə zənginləşdirir.

Tərxun çox qədim və olduqca qiymətli bitkidir. Orqanizm üçün vacib olan saysız-hesabsız vitamin və maddələrlə zəngindir. Buna görə də vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə edilir. Keçmişdə bu bitki vəba və taun xəstəliklərinin yayılmasına qarşı işlədilib. Tərxun qanı təmizləyir, həmçinin iştahaaçıcı, həzmi yaxşılaşdırıcı kimi istifadə olunur. Ağız boşluğu xəstəlikləri, eləcə də ağızdan xoşagəlməz qoxu gəldiyi zaman tərxun çeynəmək məsləhət görülür. Azərbaycanda “Gəncə tərxunu” məşhurdur. Təzə halda yeyilməklə yanaşı, bitkinin qurudulmuş yarpaqları da ət və balıq xörəklərinin dad və tamını yaxşılaşdırır. Tərxundan qənnadı sənayesində də geniş istifadə olunur.

Sağlamlıq üçün faydalı olan kahının tərkibi B, D, E vitaminləri, natrium, kalium, dəmir, mis, yod, fosfor və sink mineralları ilə zəngindir. Onun tərkibində bitkilərdə kifayət qədər az rast gəlinən fol turşusu var. Fol turşusu qan üçün ən əsas vitaminlərdən biri sayılır, qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalı təsir göstərir.

Yarpız mikrob əleyhinə təsirə malikdir, mədə və tənəffüs sistemi üçün faydalıdır. Yarpızın qandurulducu təsiri çox güclüdür.

K, C və A vitaminləri ilə zəngin olan kəvər faydalı tərəvəz hesab edilir, sümükləri möhkəmləndirir və toxumaları yaxşılaşdırır. Xərçəng xəstəliyinə qarşı faydalı bitkidir. Zökəm, öskürək, ağciyər və bronxların iltihabı zamanı da güclü təsirə malikdir.

Reyhanın tərkibində kalsium, dəmir, A, PP, C, K vitaminləri var. Tərkibindəki kamfen, evgenol və sineol efir yağları C vitamini ilə vəhdət təşkil etdiyindən güclü antibiotik xüsusiyyətə malikdir. Reyhan orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, eləcə də avitaminoz və yuxusuzluq zamanı müsbət təsir göstərir. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə başağrısını aparır. Azərbaycanda ağ, çəhrayı və açıq bənövşəyi rəngli reyhan geniş yayılıb. Ətirli reyhan təzə halda istifadə olunmaqla yanaşı, konserv sənayesində də işlədilir. Həmçinin efir yağından alınan evgenoldan xoş ətirli maddə kimi yeyinti və ətriyyat sənayesində geniş istifadə edilir. Evgenol vanilin istehsalında və təbabətdə çox istifadə edilir.

Məhsuldarlığı artırmaq, bitkilərin yetişməsini sürətləndirmək üçün bəzən tərkibində nitratlar olan gübrələrdən istifadə edilir. Adi gözlə göy-göyərtinin tərkibindəki nitratın miqdarını təyin etmək mümkün olmasa da, müəyyən xüsusiyyətlərə görə faydalı və təhlükəsiz bitkini seçə bilərik. Həddindən artıq gübrələnmiş məhsul tünd-yaşıla çalır, ölçüləri iri olur, yarpaqları şirəli və cəlbedici görünür. Buna görə də göyərti alarkən diqqətli olmaq lazımdır. Üzərində heç bir çürümə (soluxma) olmamalı, göyərtinin çeşidinə məxsus spesifik ətri duyulmalıdır. Körpə göyərtidən ibarət dəstələr seçilməlidir, həmçinin göyərtinin kəsildiyi hissəyə diqqət yetirmək lazımdır. Əgər kəsilmiş hissənin üzəri quru pərdə ilə örtülübsə və ya tamamilə quruyubsa, eləcə də solmuş yarpaqları və pis qoxu varsa, məhsul istifadəyə yararsızdır. Göyərtinin yarpaqlarının üzərində zərərverici izləri olmamalıdır. Əgər yarpaqları yapışqan və parıltılı olarsa, deməli, kimyəvi maddə ilə örtülüb. Göy-göyərtini yuyan zaman həmin maddələr tam təmizlənməyə bilər və həzm sistemi üçün təhlükə yaradar.

Cəfəri alarkən yarpaqlarının rənginə diqqət yetirmək lazımdır. Növündən asılı olmayaraq cəfərinin yarpaqları al və parıltılı görünməlidir. Reyhanın dəstəsində yaşıl yarpaqların olmaması tövsiyə edilir, çünki yaşıl yarpaqlarda faydalı maddələrin miqdarı az olur. Yaşıl soğan seçərkən yaşıl və ağ hissə arasındakı sərhədə diqqət edilməlidir. Aydın görünüş və qalınlığı yaşıl soğanın keyfiyyətindən xəbər verir.

Göyərtilər qidalılıq xüsusiyyətlərini tez itirdiyinə görə 0-4 dərəcə C temperaturda 2-3 gündən artıq saxlanılmamalıdır. Uzunmüddətli saxlanılması üçün qurudula bilər və bu zaman da göy-göyərtinin qida dəyəri aşağı düşür. Təkcə turşəng qurudulanda da qida dəyərini itirmir.

Gündəlik olaraq 50-70 qram göyərti qəbul etmək yetərlidir. Qeyd edək ki, göyərtilərin zoğ hissəsi daha çox vitaminli sayılır. Az da olsa saralmış göyərtini istifadə etmək tövsiyə olunmur.

Mineral tərkibi zəngin olduğundan göyərtilərin orqanizmi bioloji əhəmiyyətli elementlərlə təmin etməkdə böyük rolu var. Lakin göyərtiləri təzə halda istifadə etmək lazımdır. Bişirilmiş göyərti insan orqanizmində zamanla quzuqulağı turşusu yaradır. Quzuqulağı turşusunun parçalanaraq orqanizmdən sovrulması yalnız çiy qidalar vasitəsilə mümkündür. Bundan başqa, orqanizmin xüsusiyyətindən asılı olaraq göy-göyərtinin həddindən artıq istifadəsinin ziyanı da ola bilər. Belə ki, artıq miqdarda şüyüdün qəbul edilməsi bədənin susuzlaşmasına səbəb olur. Həddindən artıq cəfərinin istifadəsi böyrək problemi olanlara mənfi təsir göstərə bilər. İspanaq və turşəngin tərkibində həll olmayan duz əsaslı kalsiuma rast gəlindiyinə görə duz mübadiləsi problemi yaşayanlar üçün həmin göyərtilərin istifadəsi tövsiyə edilmir.

DİGƏR XƏBƏRLƏR

Top