Vaqif Əsədov: “Avtomobildən çölə zibil atmaq inzibati xətadır”


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobildən çölə zibil atan sürücülərin cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən qurumun şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, avtomobildə hərəkət edərkən və ya salonda oturarkən qida qəbul edib və ya siqaret çəkib nəqliyyat vasitəsinin salonundan çölə atmağın inzibati xəta hesab olunduğunu bildirib: "Burada məqsəd vətəndaşların cərimə edilməsi deyil. Bu tək inzibati xəta deyil həm də atmosferin çirklənməsi deməkdir. Buna görə də hər kəs ətraf mühitin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Qeyd etdiyimiz kimi, yol polisinin məqsədi cərimə etmək deyil".
Vaqif Əsədov qeyd edib ki, 2020-ci ərzində nəqliyyat vasitələrindən bayıra hər hansı bir əşyanın atılması ilə bağlı yüzlərlə protokol tərtib edilib, sosial şəbəkələrdə yayılan faktlarla bağlı isə 30-dan artıq fakt araşdırılaraq, təsdiqini tapıb və qaydanı pozanlar məsuliyyətə cəlb edilib.
Yol polisinin əsas vəzifəsinin hərəkəti təşkil etmək, təbliğat aparmaq və təhkim edilən ərazilərdə xidmət aparmaq olduğunu xatırladan qurum rəsmisi son olaraq vətəndaşlara səslənərək bildirib ki, qanunun tələbi haqqında təbliğat aparmağı və ya informasiya yaymaq polisin hökmən cərimə yazacağı demək deyil: "Vətəndaşlardan bir daha xahiş olunur qanunla tənzimlənən qaydalara əməl etsinlər və bilsinlər ki, polis hər zaman qanunun keşiyindədir".

DİGƏR XƏBƏRLƏR

Top