Yol polisi sürücüdən rüşvət alıbmı? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov yol polisinin sürücüdən rüşvət alması barədə yayılan iddialarla bağlı açıqlama verib.
Onun sözlərinə görə, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntülər aiddiyəti qurumlar tərəfindən araşdırılıb:
“İddia öz təsdiqini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib. E.Ələsgərov qaiməni polis əməkdaşına təqdim edərək daşıdığı yükün çəkisinin standartlara uyğun olduğu bildirib”. 
“Sürücüyə bir daha izah edilərək yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib”, - deyə o əlavə edib.



***13:14
Yol polisi əməkdaşı tərəfindən Şəmkir rayonu ərazində "KamAZ" sürücüsündən rüşvət alınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.
Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar əsassızdır: “Araşdırma nəticəsində polisin sürücüdən pul alması faktı təsdiqini tapmayıb. Sadəcə həmin nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğu üçün posta dəvət olunub, barəsində inzibati protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb edilib".
 

DİGƏR XƏBƏRLƏR

Top