“Qatar” gedir, hədəf nədir?


Milli komandamız Qatarda keçiriləcək DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Turində Portuqaliya millisinə qarşı keçirdi. Etiraf edim ki, oyunun nəticəsindən çox, De Byazinin preneylilərə qarşı taktiki sxemi və futbolçularımızın rəqibə və oyuna necə reaksiya vermələri məni daha çox maraqlandırırdı. De Byazinin taktiki sxemi deyəndə meydandakı düzülüşü yox, həmin düzülüşdə yer alan futbolçuların öz vəzifələrini nə dərəcədə yerinə yetirəcəyini və ya baş məşqçinin öz sxemini futbolçulara nə qədər aşıladığını nəzərdə tuturam. Bu artıq aydındır ki, De Byazi gəldiyi gündən etibarən səfərdə qələbə qazandığımız Kipr seçməsi ilə oyun xaric, bir çox italiyalı həmkarı kimi   4-4-2 sistemini millimizdə yoxlayır. Bu sistemi fərqli yönlərdən istifadə edən bir çox məşqçi var, ancaq italiyalı məşqçilərin 4-4-2 düzülüşünə üstünlük vermələrində əsas nöqtə, bir-birinə çox yaxın yarımmüdafiə xətti və sürətli əks hücumlardır. Bu oyuna qədər milli komandamız De Byazinin başçılığı altında son 5 oyunda qapısında iki top görmüş, ancaq rəqib qapılarına yol tapa bilməmişdi. Bu göstəricilərə görə deyə bilərik ki, De Byazi hazırda hücum yollarında daha çox problemlərlə üzləşir. Bunun fərqli səbəbləri var, ancaq bu dəqiqdir ki, o, hələ də həm yarımmüdafiə həm də hücum xətti üçün əsas fiqurları müəyyən etməyib.
Matça gəldikdə, rəqibin kimliyi və heyəti oyunun necə cərəyan edəcəyindən xəbər verirdi. Buna baxmayaraq milli komandamız UEFA Millətlər Liqasının ilk və hələlik son qalibinə qarşı iki fərqli hissə oynadı. İlk hissə gözlənildiyi kimi rəqibin təzyiqi və topa daha çox sahib olub daha çox oyun qurmaq cəhdləri ilə keçdi. Fernando Santosun komandası demək olar ki, bütün vəziyyətlərdən qapımıza zərbə endirmə fürsəti tapdı. Burada xüsusilə müdafiə xəttimizin arxasına göndərilən uzun və qısa ötürmələrdən sonra yaranan təhlükələrə vurğu etmək lazımdır. Ya De Byazi müdafiəçilərimizə rəqib hücumçuları oyundan kənar vəziyyətə düşürmək barəsində ümumiyyətlə danışmayıb, ya da müdafiəçilərimiz belə bir sistemi istifadə etməkdən imtina ediblər. Oyun ərzində preneylilər cəmi bir dəfə oyundan kənar vəziyyətə düşdü. İlk hissədə milli komandamızın qapısına gələn 13 zərbənin 80 faizi belə vəziyyətlərdən yarandı. Müdafiə xətti rəqib futbolçuları cərimə meydançasından xaricdə saxlamaq əvəzinə oyunun daha çox öz qapımıza yaxın oynanılmasına icazə verdi. Oyun ərzində komandamızın bəlkə də ən yaxşısı olan Şahruddin və Maksimin adi bir epizodda anlaşmazlığından olan qol da buna sübut idi. Yarımmüdafiə və hücum xəttimiz isə ümumiyyətlə hücum qurmaqda və ya rəqib qapısına yaxınlaşmaqda çox çətinlik çəkdi.

İkinci hissədə milli komandamız az da olsa oyuna ortaq olmağa cəhd etdi. Buna səbəb kimi yarımmüdafiə xəttinin məsuliyyəti daha çox öz üzərinə götürməsini və hücum xətti ilə bərabər topa daha çox yiyələnmə istəklərini göstərə bilərik. İkinci 45 dəqiqədə millimizin üzvləri ümumi 228 ötürmə etdi ki, bu da De Byazinin başçılığı altındakı oyunların ikinci hissələrində müşahidə edilən ən böyük rəqəm idi. Bu, rəqiblə müqayisədə az olsa da, milli komandamızın topa daha çox yiyələnmə istəyi rəqibi də topsuz qoydu. Portuqaliya millisi ilk hissədə topa 74 faiz sahib idi və 418 dəfə topu bir-birilərinə ötürdülərsə, ikinci hissədə bu rəqəmlər sırası ilə 62 faizə və 335 ötürməyə düşdü. Belədə, milli komandamız hətta oyunun 70-ci dəqiqəsində qola çox yaxınlaşdı və Fernando Santosun əsəbləşməsinə səbəb oldu. Burada De Byazinin ikinci hissə başlayan kimi İsmayıl İbrahimli və Anatoli Nuriyevi yarımmüdafiədə döyüşə atmasının da rolu böyük idi. Bu iki futbolçu orta xəttdə öz işlərini layiqincə görməyə çalışdı. Ancaq italiyalı məşqçi bu mövsüm kifayət qədər yaxşı vəziyyətdə olan Namiq Ələsgərovu oyuna gec qoşdu. Hətta mən Namiqin əsas heyətdə oyuna başlayacağını, ən azı işlər cığırında getməzsə ikinci hissə başlamadan oyunda olacağını gözləyirdim.
Beləcə, daha bir məğlubiyyət ilə seçmə mərhələyə başladıq. Ancaq məni bu məğlubiyyət qədər daha çox maraqlandıran oyundan sonra De Byazinin açıqlamaları oldu. O, seçmə mərhələdə konkret hədəfdən danışmağın çətin olduğunu vurğulayıb. Bu açıqlama özündə sual və ya suallar əmələ gətirir. Əvvəla, hər bir məşqçi və ya işçi ilə hər hansı bir peşəkar müqavilə imzalandığı zaman,həmin şəxsdən aylıq və ya illik, qısa müddətli və ya uzun müddətli bir plan və proqram tələb olunmalıdır. DÇ-2022-nin seçmə mərhələsi də belə bir plan tələb edir, indi görəsən De Byazinin bunun üçün planı nədir? Əgər o hələ də həm özü, həm də AFFA üçün bir hədəf müəyyənləşdirməyibsə, seçmə mərhələ boyunca üzləşiləcək hər bir məğlubiyyət və ya uğursuzluq necə dəyərləndiriləcək?

Ayaz Abbasov

DİGƏR XƏBƏRLƏR

Top