Həkim: “COVAX-ın Azərbaycana vaksin verməməsi ÜST-ün prinsiplərinə ziddir”

“COVAX şirkəti Avropada koronavirus əleyhinə istehsal olunan bir neçə vaksini Azərbaycana göndərilməli olsa da, təəssüf ki, məsələ hələ də həllini tapmayıb”.

Yeniavaz.com xəbər verir ki, bunu “Report”a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, COVID-19-a qarşı vaksinlərin ədalətli bölüşdürülməsi prinsipinə əməl edilmir: “Bu, təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizə prinsiplərinə ziddir. Nəzərə almaq lazımdır ki, pandemiya bir ölkənin deyil, bütün dünyanın problemidir. Ona görə də problemi həll etmək üçün gərək qarşılıqlı həmrəylik nümayiş etdirilsin”.

A.Qeybulla qeyd edib ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə vaksin əldə edərək Cənubi Qafqazda vətəndaşların vaksinasiyasına başlayan ilk ölkə olub: “Artıq yanvar ayının 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Hər halda çıxış yolu tapdıq. Amma bu, Azərbaycana qarşı ədalətsiz mövqe kimi qiymətləndirilməlidir. Bunun başqa izahı da yoxdur. Azərbaycana qarşı ikili standartlar Qarabağ və digər məsələlərdə də hər zaman mövcud olub”.

Qeyd edək ki, hazırda Azərbaycanda yalnız “CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 494 403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Xatırladaq ki, Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Halbuki ötən il yaradılan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan olub. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir.

DİGƏR XƏBƏRLƏR

Top