Ayda ərzağa nə qədər pul xərclədiyimiz məlum oldu

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2016-cı ildə satılan məhsulların ümumi dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5% üstələyərək 30,2 milyard manata bərabər olub.

"Yeniavaz.com"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox qeyri-ərzaq məhsulları satılıb.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,6 %-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Belə ki, toxuculuq məhsulları, geyim və ayaqqabı satışı 0,9% artaraq 5 milyard 244,8 milyon manat, elektrik malları və mebel 1,5% artaraq 1 milyard 912,9 milyon manat, kompüter, telekommunikasiya və avadanlıqları və çap məsulları 1,4% artaraq 234,8 milyon manat, əczaçılıq və tibbi mallar 1,9% artaraq 419,8 milyon manat, avtomobil yanacağı 1,6% azalaraq 1 milyard 681,5 milyon manat təşkil edib.

Ötən il istehlak məhsullarının 10,9%-i hüquqi şəxs statuslu müəssisələr, 55,7%-i fərdi sahibkarlar tərəfindən, 33,4%-i isə bazar və yarmarkalarda satılıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat və ya 16,1% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

DİGƏR XƏBƏRLƏR

Top