Azərbaycanda yarımçıq tikilidə 2 qəribə insan yaşayır - FOTOLAR

Mingəçevirdə tikintisi yarımçıq qalmış binada 2 nəfər 10 ildən artıqdır ki, bomj həyatı sürür. Onların heç kimlə işləri yoxdur. Yeniavaz.com xəbər verir ki, qalmağa yerləri olmadığı üçün onlar bu şəraitsiz soyuq, susuz, qazsız, beton divarları özlərinə sığınacaq seçiblər. Qeyri-millətdən olan 61 yaşlı kişi və 40 yaşlı qadın belə demək mümkünsə, tüfeyli həyat sürürlər.

"Uzun müddət türmə həyatı yaşamışam",-deyən Əlixanov Aleksandr Paşa oğlu türmədən gələndən sonra cəmiyyətin onu qəbul etmədiyini bildirib: "Türmədən çıxandan sonra gördüm ki, ögey anam evi satıb. O gündən evsiz-eşiksiz qaldım. Məni heç bir yerə işə də götürmədilər. Dolanışığımı dənizdən balıq tutmaqla təmin edirəm. Gündəlik tutduğum balıqları satıb dolanıram. İndi mənim 61 yaşım var. Atam azərbaycanlı olub. Mingəçevirdə doğulmuşam. Mənim də yaxşı imkanlı, Bakı şəhərində yaşayan qohumlarım var. Amma məni heç kim qəbul etmədi. İş-güc olmadı, mən də 17 ildir ki, tüfeyli həyatı yaşayıram. Özüm kimi həyatı üzünə gülməyən bir qadınla bir yerdə yaşayırıq. O da rus millətindəndir, Mingəçevirdə anadan olub. Valideynləri rəhmətə gedəndən sonra tək qalıb".

Konraşova Natalya 1970-ci ildə Mingəçevirdə anadan olub. Ailəsi rəhmətə gedəndən sonra tək qalıb. Bir müddət Rusiyada qaldıqdan sonra yenə Mingəçevirə qayıdıb. Natalya bizimlə söhbətində: "Biz də insanıq, hamı bizə lağ edir, uşaqlar bizi qaldığımız bu uçuq binada daşlayırlar, hər kəs bizi əzməyə çalışır. Bizə çox soyuqdur, özümüzə yemək bişirmək üçün ocaq qalayırıq. Əllərim donur, isti yer axtarıram ki, bir balaca qızınım. Bu da bizim həyat tərzimizdir. Anam rəhmətə gedəndən sonra mən tək qaldım. Bir neçə ildir ki, bu kişi ilə birlikdə yaşayırıq. O, mənə çox kömək etdi. Mən xəstə idim. Xahiş edirəm, bizə kömək edilsin, burada soyuqdan donuruq".

Qeyd edək ki, onların yaşadıqları bina Mingəçevir şəhəri, 20 yanvar küçəsi 14 ünvanında yerləşir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top