Azərbaycanda Novruz bayramı qeyd olunur - 9 günlük tətil başladı


Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir.

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri var: qurşaq atmaq və ya şallaq sallamaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.   

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq. 

DİGƏR XƏBƏRLƏR

Top