Əfv edilənlərin azadlıq sevinci - VİDEO


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2, 4 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub.
Yeniavaz.com
“report”a istinadla xəbər verir ki, 2 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 34 nəfərə şamil olunub.
Tədbir zamanı Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, hüquq müdafiəçisi Səadət Bənənyarlı 20 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 14 məhkumun cəzası isə yarıya endirilib.
Azadlığa çıxan şəxslərdən ikisi - Kamerun və Qazaxıstan vətəndaşlarıdır.
Eyni zamanda qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 12 nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, A.Sabitova, O.Qasımov və S.Bənənyarlı 11 məhkuma arayışlar təqdim edib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, bir qadın məhkumun cəzası isə yarıya endirilib.
Bundan başqa, 17 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 13 nəfərə şamil olunub.
A.Sabitova, O.Qasımov və S.Bənənyarlı 11 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 2 məhkumun cəzası isə yarıya endirilib.
Azadlığa çıxanlardan üçü - Əfqanıstan, Gürcüstan və İran İslam Respublikasının vətəndaşlarıdır.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamı icra edilib.

DİGƏR XƏBƏRLƏR

Top