Ay yarım əvvəl yaranan şirkətlə 26 min manatlıq müqavilə - Qazaxda müəmmalı tender


Qazax rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Azmed Tekstil” MMC (VÖEN- 1006804401) olub.
Yeniavaz.com xəbər verir ki, "Azmed Tekstil” MMC Qazax rayon Psixiatriya Xəstəxanasının sifarişi ilə bu quruma yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satacaq.
Qeyd olunan mallar üçün Qazax rayon Psixiatriya Xəstəxanası "Azmed Tekstil” MMC-yə 26 min 130 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "Azmed Tekstil” MMC – 28.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qazax rayon Psixiatriya Xəstəxanası müsabiqəni 16.02.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi ay yarım əvvəl yaranıb.
Onu da bildirək ki, "Azmed Tekstil” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 26 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğludur. 
Onu da bildirək ki, 10 gün əvvəl Qazax rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsbiqələrinin daha iki qalibi - “Orman AS” MMC və “Tədarük AS” MMC  olub.
Qazax rayon Psixiatriya Xəstəxanası “Dəftərxana və təsərrüfat xərcləri” üzrə “Orman AS” MMC 49 min manat, “Mətbəə məhsulları üzrə xərclər” üzrə “Tədarük AS” MMC-yə 10 min manat ödəyəcək.
Qeyd edək ki, qalib şirkətlərdən olan “Orman AS” və “Tədarük AS” MMC-lərin adlarındakı bənzərlikdən əlavə  “Orman AS” və “Tədarük” MMC-lərin qanuni təmsilçilərin ad və soyadlarında da bənzərlik var. Belə ki, “Orman AS” MMC-nin qanuni təmsilçisi Yaqubəliyev Elvin Abdı oğlu, “Tədarük AS” MMC-nin qanuni təmsilçisi isə Yaqubalıyev Abdı İbrahim oğludur. Yaqubalıyev Abdı İbrahim oğlu eyni zamanda "Elvin Kəndli Fermer Təsərrüfatı” MMC-nin qanuni təmsilçisidir.
Daha bir maraqlı məqam odur ki, qanuni təmsiçilərinin ata və oğul olduğu görülən hər iki MMC-nin fəaliyyət sahələri üst-üstə düşür.  Ötən ilin iyul ayında “Tədarük AS” MMC Qazax rayon Psixiatriya Xəstəxanasına 49 min manatlıq “Dəftərxana və təsərrüfat” malları satıb, bu ilin mart ayında isə “Orman AS” MMC Psixiatriya Xəstəxanasına 49 min manatlıq “Dəftərxana və təsərrüfat” malları satıb.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi ay yarım əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top