Rəşad Sadıqov: "İlk pillədə olanda ağlımdan çempionluq keçirdi"


"Ambisiyalı insanam, hər yarışda qalib gəlmək istəyirəm".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində hədəfləri barədə danışarkən deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandası cari mövsümün gedişində ilk pillədə olarkən ağlından çempionluq keçib: "Yuxarı sıralarda gedəndə sən də iddialı olmaq istəyirsən. Mövsümün əvvəlində qarşımda konkret məqsəd yox idi. Hər baş məşqçi istəyər ki, birinci mövsümündə avrokuboklara vəsiqə qazansın. Komandanı çətin dövrdə qəbul etdim. Pandemiyaya görə oyunlar dayanmışdı. Düşünürəm ki, nəticələrimiz pis deyil".

Sadıqov "Zirə"də sağlam kollektiv formalaşdırdığını söyləyib: "Həm mübariz, həm də keyfiyyətli oyunçuları xoşlayıram. Amma bizim kimi klubların büdcəsi belə futbolçuları almağa imkan vermir. Daha geniş heyət istərdim. Lakin komandamdan razıyam. Kollektivdə ilk növbədə sağlam kollektiv formalaşdırmalısan. Mən də ilk ilimdə bu yolu seçdim".

Bu mövsümdəki hakim idarəçiliyi barədə də danışan baş məşqçi narazılığını gizlətməyib: "Bizdə də hakimlərlə bağlı narazılıqlar var. Oyunlarımızda nəticəyə təsir edən səhvlər olub. Amma bu məqamı çox qabartmaq istəmirəm. Onlar da insandır. Əsas odur, biz hiss etməyək ki, burada qərəz var. Mən hakimlərlə bağlı danışsam, futbolçularıma da mənfi təsir edəcək. Sabah onlar da meydanda hər epizoda reaksiya verəcək, ruhdan düşəcəklər". / Report

DİGƏR XƏBƏRLƏR

Top