Azərbaycana hansı ölkədən və nə qədər vaksin gətirildiyini Gömrük Komitəsi bilmir? - MÜƏMMA


Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayının 18-də Azərbaycanda ilk dəfə COVID-19 əleyhinə peyvənddən istifadə olunub. Vaksinasiyadan keçən ilk şəxslərdən biri Səhiyyə naziri Oqtay Şirəliyev olub.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda Azərbaycanda istifadə olunan vaksinin Çin istehsalı olan "CoronaVac" peyvəndi olduğu bildirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumatda qeyd olunur ki, yanvar ayının18-dən mart ayının 15-ə kimi Azərbaycanda ümumilikdə koronavirus infeksiyasına qarşı 458 min 958 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Yanvar ayının 16-da keçirilən ənənəvi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, hələlik müəyyən miqdarda vaksin gətirilib. O, vaksinlərin mərhələli şəkildə ölkəyə gətiriləcəyini deyib. 
Yanvar ayında Türkiyənin “Keymen İlaç” şikrətinin sahibi Cantürk Alagöz mətbuata verdiyi açıqlmada "CoronaVac" peyvəndini həm Türkiyə, həm də Azərbaycana sahibi olduğu şirkət tərəfindən gətirildiyini deyib. Bu barədə Azərbaycan mətbuatında da məlumatlar yayılıb. “Report” agentliyi dekabr ayının sonunda hökumətdəki mənbələrə istinadən xəbər verib ki, Azərbaycan hökuməti 80 milyon manata Türkiyədən 4 milyon ədəd "CoronaVac" vaksini almağı qərar verib.
Lakin maraqlıdır ki, Azərbaycana COVID-19 əleyhinə hansı ölkədən və nə qədər vaksin gətirildiyi barədə bugünə kimi heç bir rəsmi məlumat mövcud deyil.
Dövlət Statistika Komitəsinin 2020-ci il və 2021-ci ilin yanvar ayı üçün açıqladığı məlumatlarda göstərilir ki, Azərbaycana nə Türkiyədən, nə də Çindən 1 ədəd də olsun vaksin idxal olunmayıb.
Məlumat üçün bildirək ki, 2020-ci ildə xarici ölkələrdən ümumi dəyəri 4 milyon 31,1 min dollar olan Azərbaycana 12,34 ton vaksin gətirilib.
Ölkə Miqdar
 (ton)
Məbləğ
(min dollar)
Hindistan 7,43 1 793,79
Fransa 2,02 1 070,11
Niderland 0,95 475,39
ABŞ 0,76 390,19
Belçika 0,64 169,2
Rusiya 0,45 105,99
Bolqarıstan 0,08 21,77
İsveçrə 0,01 2,33
B. Britaniya 0,01 1,55

Bu ilin yanvar ayında isə Azərbaycana yalnız 2 ölkədən vaksin idxal edilib.
Ölkə Miqdar
 (ton)
Məbləğ
(min dollar)
Fransa 0,94 614,2
Belçika 0,1 72,57

Azərbaycan gətirilən COVID-19 əleyhinə peyvəndlərin hansı səbəbdən qeydə alınmadığını öyrənmək üçün Dövlət Gömrük Komitəsilə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimizə cavab verən olmadı.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top