Azərbaycana gətirilən avtomobillərin sayı və qiyməti bilindi - RƏSMİ


Bu ilin yanvar-fevral  aylarında Azərbaycana xaricdən 9 min 437 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. 
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 100 milyon 112,59 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 608 dollar (18 min 34 manat) olub.
Yanvar-fevral ayları ərzində Azərbaycana 8 min 614 ədəd minik avtomobilləri, 38 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 765 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 15 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bundan başqa xaricdən 1 042 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 10 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib. 
Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 min 39 dollar (8 min 566 manat) olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 47 min 461 dollar (80 min 684 manat) olub. 
Məlumat üçün bildirək ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycana yalnız elektrik mühərriklə hərəkətə gətirilən 9 ədəd nəqliyyat vasitələri gətirilib. 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 10 min 42 dollar (17 min 72 manat) olub.
 

DİGƏR XƏBƏRLƏR

Top