Peyvənd olunan şəxslər öncədən tibbi müayinədən keçirilir? – TƏBİB-dən AÇIQLAMA


Bildiyimiz kimi koronavirus pandemiyasından xilas olmaq üçün bir çox ölkələrin istehsal etdiyi müxtəlif vaksinlərin tətbiqinə başlanılıb. Hazırda Azərbaycanda da yanvarın 18-dən başlanılan koronavirusa qarşı vaksinasiya prosesi davam etdirilir və Çin istehsalı olan “Sinovac” şirkətinin peyvəndinə üstünlük verilib. Bugünə qədər əldə edilən məlumatlara əsasən deyə bilərik ki, peyvəndin yüngül və ağır yan təsirləri olur. Yüngül yan təsirlərə həmin nahiyədə qızarıqlıq, şişkinlik, bədən temperaturunun yüksəlməsi, halsızlıq, ciddi yan təsirlərə isə şok, allergik reaksiyalar aiddir. Bu da ilk 30-40 dəqiqədə özünü göstərir. Bəs peyvənd olunan şəxslərin, peyvəndən önncə hər hansı xəstəliklərinin olub-olunmaması necə yoxlanılır? Koronavirusu simptomsuz keçirən şəxslər peyvənd oluna bilərlər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Tibb elimləri doktoru Adil Qeybulla vaksin vurulmadan öncə həmin şəxslərdən anamnezlərin toplanmasının vacib olduğunu bildirdi: “Əgər müraciət edən şəxsdə dad və iy bilmə yerindədirsə, halsız deyilsə, temperaturu yoxdursa vaksin vurula bilər. Peyvənd olunandan dərhal sonra immunitet yaranmır, bunun üçün 42 gün gözləmək lazımdır. Buna görə də vaksindən sonra yenidən koronavirusa yoluxma halı qeydə alına bilər. Koronavirusu simptomsuz keçirən şəxslərdə immunitet zəif formalaşdığından onlarda da yenidən yoluxma halları baş verə bilər. Buna görə də onların vaksin olunması tövsiyə olunur”.
TƏBİB-dən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, peyvənddən öncə vətəndaşlar həkim müayinəsindən keçirlər: “Onlardan öncə anamnez məlumatları toplanır, daha sonra isə hərarətləri, təzyiqləri və digər vital göstəriciləri ölçülür”.
Qeyd edək ki, yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir. Artıq tibb işçilərinin ikinci dozalarının vurulmasına başlanılıb. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilməsi qəbul olunmuşdur.

DİGƏR XƏBƏRLƏR

Top