"Bu günlərdə müşahidə etdim ki, dövlət qurumu vətəndaşdan diplomun notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməyi tələb edir. Yəni, vətəndaş onun haqqında dövlət qurumunda (Təhsil Nazirliyində) olan bir məlumatın doğruluğunu hansısa bir dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna (Ədliyyə Nazirliyinə) getməlidir, ödəniş edərək onu təsdiqlətməlidir, onun "scan" versiyasını hazırlamalıdır və nəhayət dövlət qurumunun informasiya sisteminə yükləməlidir".
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz özünün feysbuk səhifəsində yazıb.
Ekspert bildirib ki, bu Azərbaycanın indiki inkişaf mərhələsi üçün, olduqca xoşagəlməz, təəssüf doğuran və izahı olmayan bir vəziyyətdir:
"Təhsil Nazirliyi son illərdə bir neçə uğurlu, faydalı rəqəmsal həllər hazırlayıb. Lakin "eGov" portalına diqqət yetirdikdə bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil. Ümumiyyətlə, belə müşahidə etmək olur ki, TN-nin bir neçə aktiv elektron xidməti portala inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olnur.
Onda sual ounur ki, portal nə üçün lazımdır?
Maraqlıdır ki, TN-nin diplomlarla bağlı “Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidməti də yarımçıq bir vəziyyətdədir. Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb. Xatırlayıram ki, diplom bazası ilə bağlı 5 il bundan öncə də durum təxminən elə bu vəziyyətdə idi. Görəsən ötən 5 il müddətində TN bu bazanı yeniləyə bilməyibmi? Nə üçün universitetlərə bu haqda tapşırıqlar verilməyib?
Dəqiq xatırlayıram ki, bir Universitet özünün 4-5 illik diplom bazasını TN-nin sisteminə cəmi bir-iki ay ərzində yükləyə bimişdi.
Belə olan halda ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının TN-ə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur.
Düşünürəm ki, TN tez bir zamanda diplom bazasını qaydaya salmalıdır, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır.
Bu bazanı "eGov" və "myGov" portalına, DİM-in sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir. TN bu bazadan istifadə üçün dövlət və özəl müəssisələrə, universitetlərə servislər təqdim etməlidir ki, bu qurumlar vətəndaşdan diplomu və ya onun notarial təsdiqini tələb etməsin, vətəndaşın FİN nömrəsinə görə onun diplomunu tanıya bilsinlər.
Bununla həm də saxta diplom problemini birdəfəlik həll etmək olardı.
Bir müddət öncə Təhsil haqqında qanunvericiliyə də dəyişikliklər edilib. Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq.
Bu baxınmdan TN-nin öz informasiya sistemlərini tez bir zamanda buna hazırlaması, diplomların vahid bazaya toplanması üçün universitetlərə ciddi tapşırıq verməsi və inteqrasiya proseslərinə başlaması çox vacibdir.
Ümid edirəm "eGov"a cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi və TN tez bir zamanda bu problemi həll edə biləcəklər".