Bir ölkənin bataqlıqdan gülüstana çevrilişi - Kitab afişası


Hər yeni sayımızda sizlərə müxtəlif mövzulardan bəhs edən bədii kitablar haqqında danışmışam. Bu dəfə haqqında danışacağım kitab başqa səpgidədir. Onu nə bədii, nə də elmi kitab adlandırmaq olar. Bir ölkənin bataqlıqdan gülüstana çevriliş tarixi, dirçəliş hekayəsindən bəhs edən, daha çox publisistik xarakter daşıyan bir əsəri sizə təqdim edirəm. Söhbət Atatürkün Türkiyə məktəblərində dərs vəsaiti kimi öyrədilməsi əmrini verdiyi Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsi" əsərindən gedir. Kitabın üzərinə "Türkiyədə Qurandan sonra ən çox satılan kitab" sözləri yazılmışdır. 
Elə ölkələr var ki, əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, iqlimi baxımından zəngindir. Bəzi ölkələr isə bu cəhətdən yoxsuldur, məsələn, Finlandiya kimi. Ərazisinin böyük əksəriyyətini bataqlıqlar (finlər öz vətənlərini Suomi, yəni "bataqlıqlar ölkəsi" adlandırırlar), sıldırım qayalar təşkil edən Finlandiya dünyanın ən soyuq şimal ölkələrindəndir və təbii ehtiyatları, demək olar ki, yoxdur. Bununla belə yüksək inkişaf etmiş və varlı ölkələrdəndir. "Newsweek" jurnalının "Dünyanın ən yaxşı ölkələri" reytinqində Finlandiya 1-ci yeri tutur. Planetdə ən savadlı sagirdlər fin şagirdləri, ən xoşbəxt insanların vətəni Finlandiya, dünyanın ən təhlükəsiz və ucuz paytaxtlarından biri isə Helsinkidir... Bəs necə oldu ki, Finlandiya hazırkı inkişafa, firavanlığa, zənginliyə sahib olmağı bacardı? Həm də bataqlıqlar ölkəsi olmasına baxmayaraq. Bütün suallarınızın cavabı "Ağ zanbaqlar ölkəsi" əsərindədir. 
Mövzusunun nə olduğunu biləndə bəlkə siz də mənim kimi ürəksiz oxuyacaqsınız. Və sonda mənim kimi sizin də sevimli kitabınıza çevriləcək və hər kəsə tövsiyə edəcəksiniz. 
Qriqori Petrovun rus dilində yazdığı əsərin əsas qəhrəmanı "bir güllə bahar olmaz" deyimini alt-üst edən Finlandiyanın fatehi, memarı Yohan Snelman adlı dövlət xadimi, filosof-müəllimdir. Müəllif ilk öncə fin xalqının qısa tarixi, coğrafiyası, siyasi görüşləri, etnik kökü haqqında məlumat verir. Tarixin gəlmiş keçmiş bir çox qüdrətli fatehlərindən Yuli Sezar, Çingiz xan, Napoleon haqqında danışır. Daha sonra 25 illik fəaliyyəti dövründə bir əsrə sığacaq inqilablar yaratmış fin xalqının fatehi Snelmandan bəhs edir. O, Finlandiyanı başdan sona gəzərək xalqı bir növ palçıqdan yoğurmuş, ona ruh, əqidə, kimlik bəxş etmişdir. 

Fin xalqının gələcəyi üçün narahat olan Snelman ətrafına təhsilli, ziyalı şəxsləri, həkimləri, müəllimləri toplayaraq ölkəni qarış-qarış gəzir, yerli əhaliyə seminarlar, konfranslar verir, ən ucqar bataqlıq ərazilərə gedərək qapı-qapı dolaşır. O istəyir ki, bataqlıqlar ölkəsi Suomi Avropada İngiltərə, Fransa, Danimarka kimi nüfuza malik olsun, Finlandiyanı isveçli deyil, fin məmurları idarə etsin. Gənclər vaxtını qəhvəxanalarda, meyxanalarda deyil, təhsil ocaqlarında keçirsin. Gənclik onun ən yaralı və həm də ümid yeri idi. O, öz ideyalarını həyata keçirmək üçün ölkənin ziyalılarına belə səslənir: "Ağayana paltar, nişastalı yaxalıq və başa qoyulan son dəbli şlyapa ziyalılıq deyil. Ziyalılıq xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmaq və ayıltmaqdır". 
Snelmanın qurduğu sistem əsasında kazarmalar təhsil ocaqlarına, kitabxanalara, teatra, mədəniyyət evlərinə çevrilir. Ailələr övladlarını hərbi xidmətə göndərəcəkləri günü səbirsizliklə gözləyirlər. 
Gəncliyin futbola olan marağı Snelmanı narahat edən məsələlərdən biridir. O, öz çıxışlarında fin xalqının gələcək inkişafı üçün vətənə topu yüksəklərə deyil, xalqı yüksəklərə qaldıracaq gənclər, əzələli ayaqlar deyil, zəkalı beyinlər lazım olduğunu qeyd edir. Səyyar təlimçi kimi öz çıxışlarında övladlarının tüfeyli həyatlarından, tərbiyələrindən şikayət edən valideynlərə istiqamət verir. O söyləyirdi ki, ən mükəmməl qanunlar belə yaradılsa, fin gəncliyini məhz ailə yetişdirir. Ata-ana övladını təkcə yedizdirmək və geyindirmək üçün məsuliyyət daşımır, həm də onun tərbiyəsi üçün məsuliyyət daşıyır. O deyirdi ki, əgər gəncliyin ruhu şumlanmamış tarla kimi saxlansa, oradan ancaq alaq otu və tikan toplamaq olar. 
Snelman artıq tək deyildi, onun dəstəsinə ruhani Luka Makdonald, tacirlər Yarvinen, Tomas Qulben və başqa yüzlərlə vətənsevər qoşulur, böyük bir ordu yaranırdı. Ayrı-ayrı dəstələr mövcud idi, səyyar tibb xidməti göstərənlər, hüquq məsləhətçiləri, ailə cəmiyyətləri, müəllimlər... Hər kəs bir amal uğrunda səfərbər olmuşdu, öz sahəsində inkişaf etmək, fin xalqına xidmət etmək, bataqlıqlar ölkəsini "zanbaqlar ölkəsi"nə çevirmək... 
İllər sonra Snelman məktəbinin yetirmələri onu yad edirlər. Burada "şirniyyat kralı", "ayaqqabı kralı", "yumurta kralı" və başqaları da var. Hər biri xalq konfranslarının təsiri ilə sıfırdan yüksəlmiş, öz sahələrində nəinki ölkə üzrə, dünya üzrə liderə çevrilmişlər. "Şirniyyat kralı" Yarvinendir. O, yeniyetmə yaşından kiçik şirniyyat dükanında işləyir. Xalq konfransı onun da həyatını dəyişir. “Fin xalqı üçün nə edə bilərəm” fikri ilə yola çıxaraq, bankdan maliyyə krediti alır. Kiçik şirə sexindən işə başlayır. Daha sonra şirniyyatla bağlı hər şey istehsal edir. Nəticədə, öz sahəsində birinci olur. Yarvinen bildirir ki, şirni insana xoşbəxtlik gətirir, buna görə də, o çalışır ki, şirni tək varlıların deyil, yoxsulların da süfrəsində olsun. "Şirniyyat kralı" öz xalqına məhz xoşbəxtliyi ucuz sataraq xidmət etmiş olur. 
Əsərin ən təsirli hissəsi son səhnədir, fin xalqı öz qəhrəmanı ilə vidalaşır. Ölkənin hər tərəfindən yüzlərlə güclü, ağıllı, təhsilli, nümunəvi gənclər Snelmanın dəfn mərasimində iştirak edir, onu bütün fin xalqı dəfn edir. Tələbələrinin çıxışları çox təsirlidir. Onlar öz müəllimlərini heykəli qoyulmağa layiq şəxsiyyət adlandırırlar. Lakin onun heykəli bura toplaşan yüzlərlə gəncdir, əbədi abidəsi Finlandiyanın özüdür. Yüzlərlə gənci təmsil edən bir finli çıxışında deyir ki, onlar bura ənənəvi olaraq gül-çiçək, çələng gətirməyiblər, Snelman Suomini gülüstana çevirmişdir və onlar bura o gülüstanın ən gözəl çiçəkləri kimi gəlmişlər. 
Bəzi əsərlər var ki, oxuyursan, əsərin ideyası, mövzusu səni düşündürür, özünə görə nəticə çıxarırsan. "Ağ zanbaqlar ölkəsi" isə insanı birbaşa hərəkətə keçməyə, qollarını çırmalamağa sövq edir. Hesab edirəm ki, əsər öz xalqına xidmət etmək naminə gəncindən tutmuş, evdar qadınina, müəlliminə, həkiminə, hərbçisinə, məmuruna, dövlət rəhbərinə kimi hər kəsə çox şey öyrədə biləcək gücə malikdir. 

Fraza jurnalı,
Tükəzban Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top