Millət vəkilinin qardaşı oğluna hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Yeniavaz.com musavat.com-a istinadən xəbər verir ki, Emil Əmiraslanov bir neçə vətəndaşa məxsus pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməkdə ittiham edilir.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Emil Əmiraslanov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, aparılmış istintaqla Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etmək vədi ilə 20 min manat, Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək vədi ilə 12 min manat, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərmək vədi ilə 20 min manat məbləğdə pul vəsaitini ayrı-ayrı vətəndaşlardan qəbul etməklə, təkrarən dələduzluq etməsinə, eləcə də, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Əmiraslanov 14 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı dövründə E.Əmiraslanov zərərçəkmişlərin bir neçəsi ilə barışıq əldə edib.

 

DİGƏR XƏBƏRLƏR

Top