"Özünüzə qıymayın, ödəmə qabiliyyətiniz yoxdursa, borcu ödəməyəcəksiniz, vəssalam"

Xəbər verildiyi kimi, 500 manat borca görə intihara cəhd etmiş 2 uşaq atası, 38 yaşlı Salyan şəhər sakini Kərimov Vasif Elmirəvan oğlu yerləşdirildiyi Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Təəssüf ki, bu ilk belə hal deyil. Bundan öncə də götürdüyü krediti və ya digər borcunu ödəyə bilmədiyi üçün intihara əl atanlar barədə xəbərlər yayılıb. Yeniavaz.com xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bununla əlaqədar vətəndaşlara tövsiyələrini verib: "Borclular! Borcluların yaxınları! Özünüzə qıymayın, Allahdan qorxun, uşaqlarınıza yazığınız gəlsin, sınmayın, mübariz olun! Təhdidə qarşı mübarizə aparın! Belə əməllərə görə məhkəmədə bankı cəzalandırmaq olar və biz bunu sübut etdik! Məhkəmələrin həmişə bankların xeyrinə qərar verməsi şayiəsini banklar özü buraxıb ki, iradənizi sındırsın. Ödəmə qabiliyyətiniz yoxdursa, borcu ödəməyəcəksiz, vəssalam".

Əkrəm Həsənov bildirib ki, borcu ödəyə bilmədiyinə görə banklar vətəndaşlara heç nə edə bilməzlər: "Buna görə sizə heç nə edə bilməzlər! Qorxmayın, əyilməyin, intihar etməyin! Biz əlimizdən gələnə edirik və Allahın izni ilə edəcəyik də. Sırf hüquqi dəstəkdən başqa da işlər görürük (yaxında bir vacib xəbəri də verəcəyəm), o cümlədən dövlət qurumları və beynəlxalq təşkilatlar qarşısında təşəbbüslərlə çıxış etmişik, nəticə olanda məlumat verəcəyik. Amma bizdən öncə siz özünüz-özünüzə kömək etməlisiz! Göydən 3 alma düşməyəcək. Həyat nağıl deyil, mübarizədir! İrəli!".

DİGƏR XƏBƏRLƏR

Top