“E-Təbib” mobil tətbiqini yükləmiş vətəndaşların telefonlarına ictimai nəqliyyatda olarkən yaxın məsafədə “COVID-19” virusuna yoluxmuş xəstənin aşkarlanması ilə yanlış məlumatlar gəldiyi ilə bağlı müzakirələr aparılır.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı “E-Təbib” çağrı mərkəzinin Vasif adlı əməkdaşı modern.az-a, tətbiqin yanlış məlumat göndərmə ehtimalının olmadığını bildirib:
“Siz koronaviruslu xəstə ilə yaxın təmasda olduğunuzda avtomatik olaraq tətbiq tərəfindən sizə bildiriş göndərilir. Nəticə etibarilə, məlumatın müəyyən olunması zamanı proqramlar bir-birini tapır. Amma həmin şəxsin kimliyinin tətbiq tərəfindən müəyyənləşdirilməsi mümkün deyil. Tətbiq vasitəsilə yalnız koronavirus testi vermiş və nəticəsi pozitiv çıxmış şəxsin sizin yaxınlığınızda olması məlumatı göndərilə bilər”.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər nəticəsində son günlər ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlanmır:
“Sizin qeyd etdiyiniz məsələyə gəlincə, bu hal aktiv koronaviruslu xəstənin evinin yaxınlığından keçdikdə, yaxud da ailə üzvlərindən kimsə aktiv koronaviruslu xəstənin mobil telefonundan istifadə edən zaman da mümkündür. Tam əmin ola bilərsiniz ki, test vermiş və nəticəsi pozitiv olan koronaviruslu xəstələrə yaşayış yerlərində xidmət aparan əməkdaşlarımız tərəfindən ciddi nəzarət olunur”.
DİN rəsmisi qeyd edib ki, hətta koronaviruslu xəstələrin evinin qarşısında polis əməkdaşları tərəfindən nəzarət həyata keçirilir.