Pənah Hüseynin peyvəndən sonra koronavirusa yoluxması ilə bağlı nazirlikdən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl peyvənd olunmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Vaksinasiya olunmuş şəxsin COVİD-19-a yoluxması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Yeniavaz.com xəbər verir ki, “qafqazinfo” məsələylə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirilib ki, vaksinasiya prosesinə start verildikdən sonra qurum tərəfindən vaksin olunmuş şəxslərin özünü qoruması barədə dəfələrlə açıqlamalar verilib. Hər kəs bilməlidir ki, vaksin vurulan kimi insanı qorumur. Çünki bu ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticismlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Ona görə peyvənd vurulandan sonra da özümüzü qorumağa davam etməliyik.

Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva da müsahibələrinin birində qeyd edib ki, Covid-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır: “Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticismlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır”.

Qeyd edək ki, vaksinasiya prosesinə Bakıda Səhiyyə Nazirliyi, rayonlarda isə TƏBİB nəzarət edir.

DİGƏR XƏBƏRLƏR

Top