Əhmədzadənin rəhbərlik etdiyi qurum fərdi sahibkarla 1 milyonluq müqavilə imzalayıb - FOTOFAKT


Qax Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Əliyev Rövşən İsmayıl oğludur (VÖEN-4300406972).
Rövşən Əliyev Qax Suvarma Sistemləri İdarəsinə ümumi dəyəri 432 min 398 manat 49 qəpik olan tikinti materialları satacaq.
Qeyd edək ki, Rövşən Əliyev son bir ildə Qax Suvarma Sistemləri İdarəsinə 907 min 516 min manatlıq tikinti materialları satıb.
Qax Suvarma Sistemləri İdarəsinə 1 il ərzində 1 milyon manatlıq tikinti materialı satan fərdi sahibkar Rövşən Əliyev barəsində açıq internet resurslarda heç bir məlumat olmasa da, Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Bədrəddin oğlu Camalov haqqında çoxsaylı iddialar yer alıb.
Mətbuatda yer alan məlumatlardan İdarənin rəisi Soltan Camalovun Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qohumluq əlaqələrini olduğu bildirilir.
Onu da qeyd edək ki, Qax rayonundakı bir-çox dövlət müəssisəsinə  əslən Qax rayonundan olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin yaxın qohumları rəhbərlik edir.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğludur. 2013-cü ilə kimi Qax Mərkəzi Xəstəxananın baş həkimi Musa Şəkiliyevin xalası oğlu və eyni zamanda Əhməd və Mübariz Əhmədzadələrin qardaşı olan Fərman Əhmədzadə olub. Fərman Əhmədzadə 2013-cü ildə vəfat etdikdən sonra onun yerinə oğlu, yəni Əhməd Əhmədzadənin qardaşı nəvəsi Tərlan Əhmədzadə “təyin olunub”.
Musa Şəkiliyevin digər bir xalasının nəvəsi - Vüqar Əhmədzadə isə DSMF Qax rayon şöbəsinin müdiridir.
Musa Şəkiliyevin qardaşı Eldəniz Şəkiliyev isə rayonun ən böyük təsərrüfat müəssisələrindən biri olan (Nİzamnamə kapitalı 507 min 384 manat) “Qax-Tütün” ASC-nin sahibidir. Musa Şəkiliyevin 2014-cü ildə imzaladığı sərəncama əsasən qardaşı Eldəniz Şəkiliyevin şəhərin Aydın Məmmədov küçəsində ümumi sahəsi  2144,7 kv. metr olan kafe tikib.
Bundan başqa Qax rayonunda Əhməd Əhmədzadənin qardaşı və hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı olan Mübariz Əhmədzadənin adına rəsmiləşdirilən 54 700 kv. metr olan istirahət mərkəzi (Qaxbaş kəndi) fəaliyyət göstərir. Qaxbaş kəndində  Mübariz Əhmədzadənin oğlu Çoşqun Əhmədzadənin sifarişi əsasında 2 ədəd yaşayış evi də inşa olunub. Çoşqun Əhmədzadə Dövlət Gömrük Komitəsi sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilib.
Qaxbaş kəndi həm də Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin şirkətlərinin qeydiyyatda olduğu kənddir. Eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmovun kürəkəni olan Cuma Əhmədzadənin təsisçisi olduğu “Muğal”, “Uluyurd” şirkətlərinin hüquqi ünvanı Qaxbaş kəndi göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top