
Türkiyə parlamentində konstitusiya dəyişikliklərinin müzakirəsi zamanı çıxış edən Xalqların Demokratik Partiyasının (HDP) erməni əsilli deputatı Qaro Paylanın “erməni soyqırımı” iddiası gərginliyə səbəb olub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları “burada erməni diasporunun ifadələrini işlədə bilməzsən” deyərək “soyqırım” ifadəsinə görə Q.Paylanın üzr istəməsini tələb edib. Bunun əksinə Q. Paylan daha da irəli gedərək “vaxtilə 40 faiz idik, indi isə mində birik” deyə sözünə davam edib. Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədr müavini Engin Altay da Türkiyədə soyqırımın olması iddiasının qəbuledilməz olduğunu qeyd edib. Milliyətçi Hərəkat Partiyasının (MHP) parlament qrupunun sədr müavini Erkan Kolçay Q. Paylanın sözlərinin protokoldan çıxarılmasını tələb edib. Deputatların bu istəyini diqqətə alan Türkiyə parlamentinin sədr müavini Əhməd Aydın Q. Paylana parlamentin üç iclasında iştirak qadağası qoyub. Bundan başqa, HDP-li deputatın sözləri protokoldan çıxaralıb və onun parlamentdən kənarda “soyqırım” ifadəsini təkrarlamaması da səs çoxluğu ilə qəbul edilib.
Tətbiqimizi yükləyə bilərsiniz