Ermənistanın baş naziri Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan növbəti dəfə bəyanat yayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatında deyilir:
"Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın ordunu küçəyə çıxartmaq istədiyi, ancaq ordunun bu əmri yerinə yetirməkdən imtina etdiyi barədə mətbuatda yayılan məlumatlar mütləq yalan və manipulyasiyadır".
Qeyd edək ki, erməni mətbuatı Qasparyanın dövlət çevrilişi etmək üçün ordunu küçələrə çıxarmaq istədiyi ancaq, hərbçilərin buna razı olmadığı iddia edilmişdi.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edən bəyanat yaymışdı. Daha sonra Paşinyan baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi tələbi ilə fərman imzalamışdı. Ancaq, həmin fərman Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən təsdiqlənməmişdi.