"Ağıllı kənd" layihəsi iflasa uğraya bilər - Osman Gündüz


""Ağıllı kənd" layihəsi bundan öncə reallaşdırılan digər nəhəng bir “ağıllı” layihənin, hazırda isə iflasa uğramış və faktiki mövcud olamayan “Nəqliyyatın intellektual idarəetmə sistemi” layihəsinin taleyini yaşaya bilər".
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, “Ağıllı kənd” konsepsiyası və onun reallaşmasına ayrılan ictimai vəsaitlər üzərində, təqdim ediləcək xidmətlərin və rəqəmsal  həllərin keyfiyyəti üzərində effektiv  ictimai nəzarət mexanizmlərin qurulması, alternativ ictimai hesabatların hazırlanması çox əhəmiyyətlidir:
“Ötən həftə  işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası olub.
İclasda işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” məsələləri və  “Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələrin  dinlənildiyi və müvafiq tapşırıqların verildiyi bildirilib. 
Artıq bu istiqamətdə işlərə başlandığı da bildirilir.
Amma maraqlıdır ki, hələlik ortada bu məsələlərə hansı qurumun cavabdeh olacağı, hansı tədbirlər planının olacağı, prioritetlərin və  hesabatlılığın necə olacağı ilə bağlı konkret  hüquqi sənədlər yoxdur.
Düşünürəm ki, görüləcək işlər üzrə konkret qrafik və məsul qurumların müəyyən olunduğu bir tədbirlər planına ehtiyac var. Hesabatlılıq və şəffaflıq prinsipləri müəyyən olunmalıdır.
Qrafik əsasında hansı rəqəmsal həllərin, hansı rəqəmsal xidmətlərin kim tərəfindən təqdim ediləcəyi, gözləntilərin nə olacağı, xidmətlərdən yaralananlar üçün  rəqəmsal savadlılıq işlərinin necə gerçəkləşəcəyi, monitorinq və qiymətləndirmə mexanizmləri  ilə bağlı  qabaqcadan aydın təsəvvürlərin olması layihənin uğuru üçün vacib amillərdəndir.
Əks halda ehtiyat edirəm ki, “Ağıllı kənd” layihəsi bundan öncə reallaşdırılan digər nəhəng bir “ağıllı” layihənin, hazırda isə iflasa uğramış və faktiki mövcud olamayan “Nəqliyyatın intellektual idarəetmə sistemi” layihəsinin taleyini yaşaya bilər.
Bir neçə gün öncə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydası” haqqında Prezidentin Fərmanı təsdiqlənib. Dövlət proqramlarına verilən tələblər baxımından əhəmiyyətli bir sənəddir.  
Bu Qaydalara görə konseptual sənədlərin də hazırlanması, icrası , monitorinq və qiymətləndirilməsi üçün bəlli tələblər müəyyən edilib.
Dövlət başçısı son zamanlardakı bütün çıxışlarında ictimai nəzarət məsələlərinə xüsusi önəm verir. 
Fikrimcə, “Ağıllı kənd” konsepsiyası və onun reallaşmasına ayrılan ictimai vəsaitlər üzərində, təqdim ediləcək xidmətlərin və rəqəmsal  həllərin keyfiyyəti üzərində effektiv  ictimai nəzarət mexanizmlərin qurulması, alternativ ictimai hesabatların hazırlanması çox əhəmiyyətlidir.  
Odur ki, fikrimcə, bu istiqamətdə daha informasiyalı mühitin yaradılmasına ciddi ehtiyac var.
Bu baxımdan , düşünürəm ki, “Ağıllı kənd” konsepsiyasının da adı çəkilən qaydalara uyğun olaraq hazırlanması və ictimaiyyətə təqdim edilməsi  doğru olardı”.

DİGƏR XƏBƏRLƏR

Top