"Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı"


"Beləliklə hökumət qərar verdi ki, 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında, bir mərhələdə həyata keçiriləcək. Yəni, bu o demək ki, artıq son 3 ildə təhsilə cavabdeh şəxslərin ciddi baş ağrısına çevrilmiş 9-cuların yekun qiymətləndirmə statistikası olmayacaq. İndi qiymətləndirmə köhnə qaydada aparılacaq, əsasən qapalı testlər olacaq, açıq testlər də kodlaşdırıla bilən olacaq".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk səhifəsində yazıb.

Ekspert bildirib ki, son 3 ildə tətbiq edilən, insan amilinə söykənən qiymətləndirmə dayandırılıb: “Məlum olduğu kimi, 2017-ci ildən başlayaraq kurikulum üzrə aparılan, riyaziyyatdan 1-ci mərhələ buraxılış imtahanlarında şagirdlərin böyük əksəriyyəti, belə demək mümkünsə "2" qiymət alırdılar. Hətta, Dövlət İmtahan Mərkəzinin (DİM) statistikasına görə elə il olub ki, bu tip imtahanda 50% 9-cular "0" almışdılar. İndi, DİM və Təhsil Nazirliyinin (TN) pandemiya ilə əsaslandırılmış təklifi ilə bu mərhələ imtahan, yəni açıq testlər, yazı ilə cavablandırmalı olan suallar mərhələsi bitmiş oldu.
Hansı ki, DİM bu metodla qiymətləndirmə üçün nəhəng bir qitymətləndirmə infrastrukturu qurmuşdu, çoxsaylı insan resursları-markerlər hazırlanmışdı, proqram-texniki təminat yaradılmışdı. DİM bu infrastruktura xeyli investisiya yatırmışdı. Düşünürəm ki, yeni imtahan modelinə keçid, əslində isə mahiyyətcə köhnəyə keçid arzuolunan hal deyildi. Bu, uzun illər tətbiq olunan kurikuluma da, yumşaq desək sayğısızlıq oldu. Bununla da biz uşaqlarda riyazi məntiqi təfəkkürün, analitik düşüncənin inkişafının qarşısını almış olacağıq. Bu da dolayısıyla sonda çox sahələrə təsir edəcək.
Bu addımlar innovasiyalarda, süni intellektdə və texnoloji sahələrdə inkişafa mənfi təsir göstərəcək. Bu sahə üzrə məsul şəxslərdən, səlahiyyətli qurumlardan isə NK-nın yeni qərarına münasibəti müşahidə etmirik. Fikrimcə və məntiqlə, NRYTN, VXSİ Dövlət Agentliyi, PA-nın innovasiyalara cavabdeh bölməsi, Universitetlər bu qərarın əleyhinə olmalıydılar. Hamı mövcud situasiya ilə razılaşıb. Ümumiyyətlə, bu tip addımlar fikrimcə 4-cü sənaye inqilabının çağırışlarına, bununla əlaqəli Prezidentin çıxışlarında səsləndirdiyi fikirlərə heç bir halda uyğun deyil. Doğurdanmı bütün imkanlar tükənmişdi? Doğurdanmı tədrisi yüksək keyfiyyətlə qurub, elə 2017-ci ildən başlanan yeni qiymətləndirmə metodikasını davam etdirmək mümkün deyildi? Düşünürəm ki, yetərincə imkanlar vardı. Sadəcə hökumət TN-ni, nəhəng təhsil sistemini pandemiya ilə təkbətək buraxmamalıydı. Digər ölkələrdə olduğu kimi TN-ə texniki-texnoloji resurslar, əlavə resurslar verilməliydi ki, karantin dövründə normal tədris prosesi qurulsun.
Təəssüf ki, bunlar baş vermədi. İndi isə biliyi qiymətləndirən qurum - DİM reallıq qarşısında qalıb. Əgər əvvəkli iki ilin kurikulum qaydasında qiymətləndirmə olsaydı güman ki, 9-cuların 70-80%-nin "0" alacağını proqnozlaşdırıblar. Vəziyyətdən çıxış yolu üçün də daha asan yol seçilib, yeni qiymətləndirmə metoduna, mahiyyətcə isə "köhnəyə" qayıdılıb”.​​​​​

DİGƏR XƏBƏRLƏR

Top