XTQ-nin şəhid gizirinin həyat yoldaşı: "Yuxuda mənə dedi ki, "Hazır ol, şəhid oluram" - FOTOLAR


Haqqında danışacağımız qəhrəman hələ 2019-cu ildə çəkilmiş bir şəkli ilə məşhurlaşmışdı. Amma heç kəs tanımırdı. Çünki o, xüsusi təyinatlı idi. Kimsə onu tanımamalı idi. Söhbət Namiq İlyas oğlu Xəlilovdan gedir. 
Xəlilov Namiq 15 iyun 1992-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra hərbi xidmətə yola düşüb. Hərbi xidmətnin 6-cı ayından xususi təyinatlıların kursuna yazılıb. 6 aylıq kursdan sonra Namiq Xəlilov XTQ-in N saylı hərbi hissəsində xidmət etməyə başlayıb. 
10 illik xidməti dövründə o, Türkiyə və Gürcüstanda bir sıra kurs və təlimlərdə istirak edib. İştirak etdiyi hər təlimdən nailiyyətlə geri qayıdıb. Bundan başqa Türkiyədə keçirilən "EFES-2018" Çoxmillətli Ortaq Xususi Təyinatlı Qüvvələrin yığma komandasının tərkibində uğurla iştirak edib. 
Azərbaycan Ordusunun giziri Namiq Xəlilov xidməti dövründə;
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi" yubiley medalı, 
"Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli" medalı, 
"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalları ilə təltif olunub. 
O, 2016-ci il Aprel döyüşləri vaxtı Talış kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda 2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsində şəhid gizir Murov yüksəkliyinin, Kəlbəcər, Füzuli uğrunda gedən döyüşlərdə ön cəbhədə döyüşüb. 
16.10.2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.17.10.2020-ci ildə sakini olduğu Şirvan şəhər şəhidlər xiyabanında dəfn edilib. 
Namiq Xəlilov haqqında Yeniavaz.com-a məlumat verən həyat yoldaşı Aytəkin Xəlilova öz həyatlarından və yoldaşının keçdiyi döyüş yolundan danışıb:
"Namiqgil ailədə 3 uşaq olub. İki qardaş, bir bacı. Namiq evin ilk övladı idi. Namiqlə uşaqlıqdan tanış idim. Biz eyni məktəbdə oxumuşuq. Namiqlə toyumuz 2016-cı ildə olub. Aprel müharibəsindən sonra Namiq toyu təxirə salmaq istəyirdi. Deyirdi ki, "yoldaşlarım şəhid olub, mənə toy etmək yaraşmaz" . Bu səbəbdən toyumuz bir az gec oldu. Evlendik, "dünyanın bəxtəvəri bizik" - deyə düşünürdük. Hər sey istədiyimiz kimi idi. Sevdiyim yanımda, iki gül balamız var. "Daha nə istəyə bilərdik ki!?" - deyə düşünürdük. Həyatımızın ən gözəl çağında ayrıldıq. Namiqsiz doğrudan da cox çətindir, amma bir o qədər də qürurludur. Namiqlə fəxr edirəm. Mən sıradan bir insanın yoldaşı deyiləm. Bu ad mənim üçün bir ömür boyu qürur yeri olacaq. Övladlarımızın da ağlı kəsəndə hər şeyi onlara danışacam. Atalarının necə böyük bir qəhraman olduğunu, necə gözəl insan olduğunu başa salacam. Onlar da atalarını bilib tanıyacaqlar. 
Aytəkin xanım deyir ki, onun yoldaşı ilə  tanışlıqlığı hələ məktəb dövründən başlayıb. Namiq bəy Aytəkin xanımdan 3 sinif yuxarı oxuyub. Məktəbdə sevgisini bildirib. Aytəkin xanım ilk vaxtlar onun sevgisini qəbul etməyə çəkinib. Amma içdən-içə ona qarşı biganə olmayıb. Aytəkin Xanım Namiq bəy işləməyə başladıqdan sonra onun sevgisinə qarşılıq verib:
"12 il idi ki, onu tanıyırdım. Namiq XTQ-də işləməyə başlayanda mənimlə işi barəsində açıq-açıq söhbət etdi. "Bir gün gedib gəlməyə bilərəm. Bunu bilib davam etməlisən, səni aldada bilmərəm" demişdi. Mən də "nə olursa olsun, sən" deyərək razılaşmışdım. Heç peşman da deyiləm. Nə yaxşı ki, onunla ailə qurmağa razı olmuşam.  Bəzən düşünürəm ki, "Allah bizi tez ayıracaqmış deyə tez də qarşılaşdırıb". İki övladımız var. Uşaqlarımıza çox bağlı idi. Həsən və Ayan. Oğlumuz ona bənzəyir. Həsən atasına cox bağlıdır. Yoldaşım hərbçi olsa da əlindən gəldiyi qədər bizə zaman ayırırdı. Həsənlə çox zaman keçirirdi. İndi Həsən atasının şəhid oldugunu bilmir. Deyir ki, "Ata işdədir, mən məktəbə gedəndə gələcək". Atasını çox soruşur. Simaca atasına bənzəyir, xarakteri, igidliyi də ona bənzəsin istəyirəm. Ayan isə atanın nə olduğunu belə dərk etmədən atasından ayrı düşdü. Yoldaşım müharibəyə gedəndə Ayan 9 aylıq idi, gələndən sonra Ayana ad günü edəcəkdi. Amma qismət olmadı. Ayan ilk yaşını atası olmadan tamamladı. Atasını şəkillərindən tanıyır, atasını çağırır. Həsən atalarının şəkilini göstərərək bacısına da öyrədib ki, "bizim atamızdır". İndi uşaqlarımızı böyüdüb ona qovuşacağım günün gəlməsini gözləyirəm. Mən şanslı qadınam ki, Namiqin övladlarını böyüdəcəm".
Aytəkin xanım yoldaşının xaraktercə dürüst, insanları intizarda saxlamağı sevməyən, ağırbaşlı, qayğıkeş, səmimi, təmiz ürəkli olduğunu da vurğulayıb:
"Namiq çox danışmağı sevməzdi. Amma harada hansı sözün deyilməsi lazım olduğunu çox gözəl bilirdi. İndi düşünürəm ki, kaş sağ vaxtı çox danışardı. Səsini daha çox eşidərdim. İndi onsuz çox darıxıram, amma bir təsəlli yerim var. Yuxularıma gəlir".
Şəhid xanımı bildirib ki, Namiq bəy hətta şəhid olmasını da xanımına yuxusunda deyib:
"Namiq elə insan idi ki, istəməzdi mən ondan nigaran qalım. Harada, hansı təlimdə olurdusa olsun, o məni xəbərsiz qoymazdı. İndi də qoymur. Yuxularıma gəlir. O əvvəlcədən məni hazırlamışdı. Bu günlərə öyrəşdirilmişdim. Gecə yuxuma girib dedi ki, "Hazır ol, mən şəhid oluram". Elə də oldu. Səhər açıldı, şəhid xəbəri gəldi. Siz bilmirsiz ki, biz hərbçi ailələri o rayonlar alındıqca gözlərimiz necə həsrətlə telefonlarda qalıb ki, "görəsən nə vaxt zəng edəcək ki, mən salamatam". 
Aytəkin Xəlilovanın sözlərinə görə döyüş yoldaşları Namiq bəyin təcrübəsinə arxayın olublar. O səbəbdən də onunla hər döyüşə arxayın girdiklərini vurğulayıblar: 
"Namiq döyüş yoldaşlarını döyüşlərdən itkisiz çıxarmağa çalışıb. Hər an qarşılarına düşmən tərəfindən qurulmuş sürpriz tələ çıxa bilər deyə döyüşçüləri ehtiyatda saxlayıb. Günlərlə ac-susuz döyüşüblər. Murov dağı uğrunda gedən döyüşdə yaralansa da  hospitalda yatmağı qəbul etməyib. Yoldaşlarını tək qoymayıb ki, "onların mənə ehtiyacı var. Bilirsiz Namiq elə bir insan idi ki, onun haqqında danışmaqla bitməz, çünki Namiqin nöqtəsi yoxdur".
Qeyd edək ki, Namiq Xəlilov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda", 
"Kəlbəcərin azad olunmasına görə", 
"Hərbi xidmətlərə görə" və "Şücaətə görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!




Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top