YAP-a birləşən 6 siyasi partiyanın rəhbərləri kimdir? – DOSYE + FOTOLAR


Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, YAP-a qoşulan siyasi partiyalar müstəqilliyimizin ilk illətrində - 1992-94-cü illərdə yaradılıb. 
Qeyd edək ki, son illər bu siyasi partiyaların fəaliyyətində aktivlik müşahidə olunmurdu. Bu səbəbdən dən ölkə ictimaiyyəti, xüsusən də gənclər  bu partiyalar və onların rəhbərləri haqqında geniş məlumata sahib deyillər.
Maraqlı olacağını nəzərə alaraq Yeniavaz.com YAP-a qoşulan 6 siyasi partiya və onların rəhbərləri haqqında məlumatları təqdim edir:

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası (ADSP)
ADSP 1994-cü ildə qeydiyyata alınıb. Partiyanın hazırkı sədri 2011-2019-cu illərdə Şamaxı rayon İcra Hakimiyyətinin 1-ci müavini olan Qasım Qasımovdur. Partiyanın qurucusu və ilk sədri Azərbaycanın tanınmış iş adamlarından olan “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədovdur. Mahmud Məmmədov eyni zamanda “Günay Sığorta” şirkətinin əsas səhimdarlarından biridir. 
Mahmud Məmmədov ANS televiziyasından sonra Azərbaycanda ilk özəl televiziya kanalı olan BMT TV-nin sahibi olub. Bundan başqa 1990-cı illərdə böyük tirajla çıxan və pulsuz olaraq paylanılan “Günay” qəzeti də Mahmud Məmmədova məxsus olub. 

(Qasım Qasımov)

- Milli Qurtuluş Partiyası (MQT)
MQT 1993-cü ildə dövlət qeydiyyata alınıb. Partiyanın hazırkı sədri olan Vüqar Əlövsət oğlu Oruc (Vüqar Bəyturan) 1975-ci ildə Masallı rayonundaanadan olub. Əslən Cənubi Azərbaycandan olduğunu bildirən Vüqar Bəyturan 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının, 1998-ci ildə isə Türk Millətçi Partiyasının qurucusu və sədri olub. Daha sonra Milli Qurtuluş Partiyasına birləşərək bu partiyanın sədri olub. İqtisadiyyat Universitetindən məzun olan Vüqar Oruc hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktorudur.

(Vüqar Oruc)

- Azərbaycan Xalq Demokratik Partiyası (AXDP)
AXDP 1992-ci ildə dövlət qeydiyyata alınıb. Partiyanın  sədri Rafiq Turabxanoğludur (Abdullayev). Rafiq Turabxanoğlu 1946-cı ildə Qubadlı rayonunda anadan olub. 1965 -ci ildə Neft Texnologiya Texnikumunu,1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümumazərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib.1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub.1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1992-ci ildə keçirilən seçkilərdə qalib gələn Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy mətbuata verdiyi açıqlmada namizəd kimi özünə deyil Rafiq  Turabxanoğluya səs verdiyini bildirib. Rafiq Turabxanoölu 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib. Əbülfəz Elçibəyin prezident olduğu dövürdə dövlət qurumlarından birinə rəhbərlik edib.

(Rafiq Turabxanoğlu)

- Azərbaycan Milli Hərəkat Partiyası (AMHP)
AMHP 1994-cü ildə dövlət qeydiyyata alınıb. Partiyanın sədri Samir Turan Cəfərovdur. Samir Turan keçmiş Ermənistan SSR-nin Mehri rayonunda anadan olub. Elmlər namizədi olan Samir Turan Bakı Dövlət Universitetinin müəllimi olub. 1988-ci ildə başlayan Xalq Hərəkatının fəallarından olub. “Zəngəzur” Cəmiyyətinin qurucularından biridir. AMHP uzun illər iqtidaryönlü partiyaların birləşdiyi Məşvərət Şurasında təmsil olunub.

(Samir Turan)

- Azərbaycan Kəndli Partiyası (AKP)
AKP 1992-ci ildə qeydiyyata alınıb. Partiyanın qurucuları arasında kifayət qədər tanınmış şəxslər olub. Partiyanın qurucusu və ilk sədri 2018-ci ildə vəfat edın Feyruz Mustafayev olub. Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü ildə Ağdam rayonunda anadan olub. 1992-ci ildə Baş nazirinin səlahiyyətlərini icra edib. 1993-cü ildə “Azərquşsənaye” Dövlət Şirkətinin prezidenti, 1994-cü ildə Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti olub. 
Feyruz Mustafayev SSRİ zamanında Xanlar və Şamaxı rayonlarında birinci katib olub. Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.Azərbaycan SSR-nin deputatı olub. 

(Feyruz Mustafayev)

- Azərbaycan Yurddaş Partiyası (AYP)
AYP 1993-cü ildə qeydiyyata alınıb. Partiyanın qurucusu və sədri ötən ilin dekabr ayında koronavirusdan vəfat edən Mais Səfərli olub. Mais Səfərli 1958-ci ildə Qubadlıda anadan olub. Mais Səfərli 1990-cı illərdə daha çox diaspora fəaliyyəti və cəbhə bölgələrinə etdiyi humanitar yardımlarla  tanınıb. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Mais Səfərlinin vəfatından sonra partiyaya onun bacısı Gülarə Səfərova rəhbərlik etməyə başlayıb.

(Mais Səfərli)

DİGƏR XƏBƏRLƏR

Top