"YAŞAT" Fondu Şəhid Asif Azayevin övladlarının təhsil haqqını ödəyəcək


Şəhid mayor Asif Azayevin övladları özəl liseyə qəbul olublar.
Bu barədə Yeniavaz.com-a şəhidin ailəsi məlumat verib.
Bildirilib ki, "YAŞAT" Fondu onlarla əlaqə saxlayıb və ehtiyacları ilə maraqlanıb. Şəhidin övladları Sumqayıt şəhərində yerləşən, illik təhsil haqqı bir nəfər üçün 5000 manat olan “İdrak” liseyinə qəbul olublar. Lisey şəhidin övladlarına güzəşt edərək bir nəfər üçün təhsil haqqını, 2 min 500 manata endirib. Ailənin bu ödənişi etməyə maddi imkanı çatmadığından "YAŞAT" Fonduna ən vacib ehtiyacın illik təhsil haqqının ödənilməsi olduğunu bildirib. Lakin "YAŞAT" Fondundan əlaqə saxlanılan zaman bildirilib ki, ən vacib ehtiyac kimi məişət avadanlıqları göstərilib. Ailə bildirir ki, qətiyyən belə bir şey etməyiblər və ən vacib ehtiyac kimi uşaqların illik təhsil haqqını göstəriblər.
Məsələ ilə bağlı "YAŞAT" Fonduna müraciət etdik. Fonddan Yeniavaz.com-a bildirildi ki, şəhid Asif Azayevin övladlarının təhsil haqqı "YAŞAT" Fondu tərəfindən ödəniləcək:
“Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər "YAŞAT" Fondu tərəfindən qarşılanır. Şəhidimiz Asif Azayevin ailəsini  "YAŞAT" Fondunun əməkdaşları ziyarət ediblər. Fond şəhidimizin iki övladının təhsil haqqını ödəməyə də hazırdır. Onlar təhsil ocağına yeni qəbul olublar və tədris prosesləri isə bu ilin sentyabrında başlayacaq. Şəhidimizin övladlarının təhsil haqqı “YAŞAT” Fondu tərəfindən ödəniləcək”.

DİGƏR XƏBƏRLƏR

Top