Bir həftə əvvəl atasını itirən qazinin köməyə ehtiyacı var: “Borc-xərc…” - FOTOLAR


Vətən Müharibəsində yanına minaatan mərmisinin düşməsi nəticəsində ağır yaralanan və bir tərəfi iflic olan qazi Kazımov Kənan maddi ehtiyac içində yaşayır.
Bu barədə Yeniavaz.com-a onun özü məlumat verib. Qazimiz bildirir ki, ötən il sentyabrın 21-də könüllü ordu sıralarına qoşulub və müharibədə iştirak edib:
“Oktyabrın 21-də Cəbrayıl rayonunda gedən döyüşlər zamanı yanıma düşən minaatan mərmisi nəticəsində yaralanmışam. Sol tərəfdən vurulmuşam, sağ tərəfim iflic olub. Amma indi ayaqdayam, yeriyə bilirəm. “Papanin”də mənə türkiyəli həkimlər bildirdilər ki, əməliyyat olunacaqsan. Lakin nə vaxt və harada əməliyyat olunacağımı demədilər. YAŞAT fonduna da müraciət etdik. Bildirdilər ki, sən birinci əməliyyat olmalısan, daha sonra biz sənin müalicənə kömək edəcəyik.
Fevralın 25-də atam rəhmətə gedib. Evdə vəziyyət çətindir. Ondan sonra yaxşı olmadı, borc-xərc, açığı utanıram deməyə. Sumqayıt İcra Hakimiyyəti ilə də danışmışdıq, onlar bizə dedilər ki, biz sizə maddi kömək edə bilmirik. Atam dünyasını dəyişənə qədər heç nəyə ehtiyacımız yox idi. Atam dünyasını dəyişəndən sonra anamla mən qalmışıq. Mənə hələ işləməyə icazə vermirlər.
YAŞAT fondundan bildirirlər ki, biz sizing evinizi təmir edəcəyik. Lakin mən onlara bildirdim ki, bu ev bizim deyil, kirayədir. Fonddan dedilər ki, biz ev vermirik, ancaq təmir işlərinə baxırıq”.
Əlaqə tel: 055 565 15 03
Məsələ ilə bağlı YAŞAT fondu və Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə məsələnin araşdırılacağı bildirildi.



DİGƏR XƏBƏRLƏR

Top