Azərbaycanda qadınlarla bağlı rəsmi statistika AÇIQLANDI


Bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1%-ini qadınlar təşkil edib, ötən ildə doğulan 126,6 min körpədən 46,7%-i qız uşaqlarının payına düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81%-i, orta ixtisas təhsil müəssisələrində 77,9%-i, ali təhsil müəssisələrində 54,8%-i, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,9%-i qızlardır.
Elmi işçilərin 58,1%-ini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29%, sahibkarlar arasında isə 21,3%-dir.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ini, 2000-ci ildə 10,7%-ini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,3%-ə çatıb.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6% olduğu halda, 2020-ci ildə 7,5%-dək artıb.

DİGƏR XƏBƏRLƏR

Top