Daxili İşlər Nazirliyi karantin rejimində “Park İnn” hotelində keçirilən kütləvi tədbirlərlə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, DİN Mətbuat Xidmətindən oxu.az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib. Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, bu məsələ qurumun səlahiyyətləri çərçivəsindən kənardır.
“TƏBİB-in işi tibbi xidmətin təşkilini təmin etməkdən ibarətdir. Qapanma və ya karantin qaydalarının yumşaldılması qərarı TƏBİB tərəfindən verilmir”, - deyə Elnarə Baxış bildirib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
***18:10
Azərbaycanda hoteldə karantin qaydaları pozulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşım edilib.
Belə ki, “Park İnn” hotelin mükafatlandırma mərasimi keçirilib.
Videogörüntülərdən də göründüyü kimi, mükafatlandırma mərasimində ara məsafəsi belə gözlənilməyib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.