Səfər Mehdiyev: “Tarladan pambıq toplamırıq ki, nədənsə kəsirimiz olsun”


"Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır. Bunun heç bir mənbəsi yoxdur ki, hansısa hüquq mühafizə orqanları gəlib, yoxlayıb və DGK-da 700 milyon manat kəsir aşkarlayıb. Bunu biz də sosial şəbəkədə görüb, oxuduq və üzüldük. Azad mətbuatdır və hər kəsin hüququ var ki, çatışmazlıqları ictimaiyyətə çatdırsın". 
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev komitədə yoxlamalar aparılarkən 700 milyon manat həcmində kəsirin yaranması barədə yayılan məlumatlara açıqlama verərkən bildirib.
Komitə sədri bildirib ki, bu kimlərinsə siyasi oyunudur: “Biz hər hansı zavod və fabrik deyilik və ya tarladan pambıq toplamırıq ki, nədənsə kəsirimiz olsun. Mən nəticələri təqdim etdim. Əgər bunu görmürlərsə, kordular. Son üç ildə altı milyard manata yaxın gömrük orqanları büdcə daxilolmalarına əlavə vəsait ortaya qoyub. Mən 2015-ci ilə toxunmuram, 2016-cı illə müqayisə edin. Arada iki milyard fərq var. Bəzi ekspertlər gömrük yığımlarındakı artımı devalvasiya ilə əlaqəndirirlər. Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Onsuz da hər il yoxlayırlar. Biz qanunlarla işləyirik. Belə yalan məlumatları yayanlara üz tutub nəsə demək fikrim yoxdur. Çünki onlar ağa qara, qaraya ağ deyəcəklər. Biz onlarla mübahisə etməyə, o səviyyəyə enməyə addım da atmırıq. Müəyyən tənqidi fikirlər səsləndirəndə də toplama-çıxmanı öyrənmək lazımdır. Azərbaycanda digər dövlətlərdəki kimi qanunla işləyirik. Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Ticarət sazişlərindən sadəcə 2.4 milyard dollar mal azaddır. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar”.

DİGƏR XƏBƏRLƏR

Top