İrəvanda yaşayan müsəlman ermənilərin ona münasibətindən danışdı - FOTO


İrəvandakı Avrasiya Beynəlxalq Universitetində təhsil alan 22 yaşlı Alaa əl Said adlı müsəlman ermənilərin ona münasibətindən danışıb. 
Yeniavaz.com
xəbər verir ki, Alaa əl Said “Sputnik Armenia”ya müsahibəsində xüsusilə müharibə vaxtı Ermənistanda çətin anlar yaşadığını bildirib. 3 ildir İrəvanda təhsil aldığını deyən İraq vətəndaşı Alaa tanımadığı və fərqli bir ölkədə təhsil almaq istəyi səbəbilə Ermənistanı seçdiyini deyib: “Xaricdə təhsil almaq istəyirdim. Həm Ermənistandakı, həm də Azərbaycandakı universitetlər yaxşı idi, amma özümü tamamilə tanımadığım, fərqli bir mühitdə tapmaq istədiyimə qərar verdim və Ermənistana gəldim. İlk aylarda taksi sürücüləri ilə ünsiyyət qurmaq üçün "mən erməni dilində danışmıram" ifadəsini əzbərləməli idim. Ancaq, onlar israrla erməni dilində danışmağa davam edirdilər”. 
Alaa əl Said xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra ona qarşı münasibətin Ermənistanda dəyişdiyini deyib: “Əksər sürücülər mənə qarşı kobud davranırlar. Müharibə zamanı bir erməni dostumla birlikdə taksiyə mindik. Sürücüsü mənim müsəlman olduğumu öyrəndikdən sonra dostuma “onunla necə dost ola bilirsən” - deyə söhbət etməyə başladı. Ondan mənimlə dərhal dostluq əlaqələrini kəsməyini istədi. Ancaq mənim ermənicə başa düşdüyümü bilmirdi”.

İraqlı gənc deyir ki, bütün bunlara baxmayaraq Ermənistanda onunla dostluq edən şəxslər var və olduqca hörmətlə yanaşırlar: “Erməni dostlarım var, onlar mənə qarşı diqqətlidir. Bir kafe və ya restorana gedəndə çox hörmətlə yanaşırlar. Mənə alkoqollu və ya tərkibində donuz əti olmayan menyu verilməsini xahiş edirlər”. 
Alaa əl Said həmçinin deyir ki, bir çox erməni tələbə yoldaşları əvvəlcə İslam dininə qarşı yalnış düşüncələrlə ona yaxınlaşırlar, suallar verirlər. Ancaq, Quran və müsəlmanlar barədə onlara danışandan sonra bəziləri fikirlərini dəyişə bilirlər: “Onlardan biri Almaniyaya köçüb, hazırda orada yaşayır. Tez-tez əlaqə saxlayırıq”. 

DİGƏR XƏBƏRLƏR

Top