“Ceyşullah”ın azərbaycanlı üzvü: "Silahımı ərzaq dükanında 350 dollara satıb yolpulu düzəltdim..." - FOTOLAR


Yaxın Şərqdə münaqişələr başlayan vaxtlardan Azərbaycanın müxtəlif bölgələrindən Suriyaya gedərək hərbi təlimlərdə iştirak edənlər, terror qruplaşmalarının tərkibində “cihad” adı altında  döyüşənlər olub. “Cəbhətül-Nüsra”, “Cundu Şam”, “Ömər Şişani”nin dəstəsi, “Azəri camaatı”, “Ceyşul Hur” terror qruplaşmalarının üzvlərinin böyük əksəriyyəti Suriyaya qədəm qoyduqları ilk gündən peşman olduqlarını dilə gətiriblər.

Budur, Suriyada fəaliyyət göstərən “Ceyşullah” terrorçu qruplaşmasının tərkibində döyüşən daha bir azərbaycanlı gənc hakim önünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Amil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Amil Əhmədov 2020-ci il sentyabrın əvvəllərində DTX tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Virtualaz.org-un xəbərinə görə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Amil Əhmədov 2016-2019-cu illər ərzində terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişlərdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnib. Hələb, Hama və İdlibdə “Abu Məhəmməd”in rəhbərliyi altında “Ceyşul Hur” və “Ceyşullah”silahlı qruplaşmalarının təlimlərində iştirak edib. 2019-cu ildə Suriyadan Türkiyəyə, ötən il sentyabrın 7-də isə Azərbaycana qayıdıb.

A.Əhmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Amil Əhmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Suriyaya döyüşmək məqsədilə getmədiyini göstərib: “Boynuma alıram, Suriyaya getmişəm. Amma döyüşmək niyyəti ilə getməmişəm. İdlibdə mühasirəyə düşmüşəm. Məcbur olub döyüşmüşəm. 2017-ci ildə qaçaq yolla oradan çıxmaq istədim. Qaçaqçı aldatdı, çıxa bilmədim. 2019-cu ilin yarsısına kimi Suriyada qalmışam. Əməlimdən peşmanam”.

Əvvəllər Laçın İcra Hakimiyyətində baş məsləhətçi, mühasib işləyən, 2016-cı ildə işdən çıxan, ibadətə başlayan A.Əhmədov ifadəsinin davamında Suriyaya getməsinə “Faceobok” sosial şəbəkəsində “Cənnət dərnəyi” üzvləri tərəfindən paylaşılan videonun səbəb olduğunu göstərib: “Həmin videoda yaşlı bir qadın uçurumun altından azyaşlı uşağı çıxarır, ağlayır, deyirdi ki, gəlin kömək edin. Bu video mənə çox pis təsir elədi. Həmin dərnəyin üzvləri ilə danışdım. Onlar məni Türkiyədə qarşıladılar. Üç gün orada qaldım. Hatay ərazisindən suriyalılar vasitəsilə sərhədi keçdim. Suriyaya gedəndə 300 dollar pulum vardı. Üç ay sonra özüm orada sərbəst yaşamağa başladım. Orada pul qazanmaq, biznes qurmaq  çox asandı. Təkcə zeytun alveri ilə yaxşı qazanc əldə etmək mümkündür. Bir müddət sonra təlimlərdə mənə verilən silahı ərzaq dükanında 350 dollara satıb yolpulu düzəltdim. Məqsədim Suriya ərazisindən çıxmaq idi”.

Tərəflərin suallarını cavablandıran A.Əhmədov silahlı qruplaşma rəhbərlərindən heç kimə biyət etmədiyini deyib: “Suriyada bir həftə hərbi təlimlərdə olmuşam. Mən olduğum ərazidə “Ceyşul Hur” qrupları vardı. On nəfərlik bir qrupda qalmaq üçün gərək biyət edəsən. Mən o qrupa daxil olmamışam, heç kimə də biət etməmişəm. Suriayaya getdikdən cəmi bir həftə sonra geri qayıtmaq istədim. Amma dedilər ki, səni qarşıda həbs gözləyir”.

“Kimə qarşı vuruşurdunuz? Kimi fikirləşib atırdınız?” sualına A.Əhmədovun cavabı özünəməxsus tərzdə olub: “Rusiya, Bəşər Əsəd ordusu və İran ordusuna qarşı. Biz İŞİD-in tərkibində olmamışıq. Hətta İŞİD özü belə bizə qarşı idi”.

Hakimin “Qarabağda 44 günlük müharibə oldu. Nə qədər şəhidlərimiz, yaralılarımız, qazilərimiz oldu. Əgər burada olsaydınız siz də Qarabağda döyüşməyə gedərdinizmi?” sualına A.Əhmədov “Müharibədə iştirak etmək üçün sentyabrın əvvəlində ölkəyə qayıtdım”.

A.Əhmədovun cavabı o qədər də inandırıcı görünməyib.

“Axı müharibənin olacağını siz hardan bilirdiniz?”sualına təqsirləndirilən “bəzi şeylər vardı, oradan bilirdim, hətta komandirimə də yazmışdım bu haqda. Yazmışdım ki, müharibə başlayarsa məni də aparın” cavabı verib.

Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

Xatırladaq ki, “Ceyşullah” terror qruplaşmasının adı Azərbaycanda 1999-cu ildə iki oğlu ilə birgə evində qətlə yetirilən Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının rəhbəri Etibar Erkinin qətlindən sonra məşhurlaşıb. Ekstrasensi və iki övladını xüsusi qəddarlıqla öldürməkdə təqsirli bilinən, hazırda ömürlük həbsə məhkum edilən Mübariz Əliyev də vaxtilə “Ceyşullah” terror qruplaşmasının üzvü olub... //virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top