ABŞ-ın əsas siyasətçilərinin çıxışlarının canlı yayımlanması üzrə ixtisaslaşan C-SPAN telekanalında ABŞ Nümayəndələr Palatasının komitəsinin iclasının yayımı qəflətən dayandırılıb, bunun əvəzinə tamaşaçılar 10 dəqiqə ərzində Rusiyanın RT telekanalının verilişinə baxıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu hadisə Rusiyanın ABŞ-ın televiziya məkanına haker hücumu etməsi kimi qiymətləndirilib. Lakin C-SPAN kanalı bunu inkar edərək bəyan edib ki, insidentin səbəbi daxili marşrutlaşdırma səbəbi olub. RT-nin yayıma girməsi Donald Trampın ünvanına sərt tənqidləri ilə tanınan konqresmen Maksin Uotersin çıxışına təsadüf edib. RT-nin baş redaktoru Marqarita Simonyan “Tvitter” səhifəsindən hadisəni şərh edərkən bunları yazıb: “Yəqin başa düşdünüz bizim necə uzun əllərimiz var?”.