7 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu – 140 min manat pul alıb…


Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi 37 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Sanatoriyasının dəftərxana və təsərrüfat malları satın almaq məqsədilə keçirdiyi tenderin qalibi "LİG Star" MMC adlı şirkət olub.
Yeniavaz.com xəbər verir ki, tenderin nəticəsinə əsasən "LİG Star" MMC Respublika Uşaq Sanatoriyasına 139 min 985 manat 10 qəpik dəyərində  dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün bildirək ki, Respublika Uşaq Sanatoriyasının keçirdiyi tenderin qalibi olan şirkət tender elanından cəmi 12 gün əvvəl dövlət qeydiyyatına alınıb və bu günlərin 5-i qeyri-iş günləri olub.  Nizamnamə kapitalı 10 manat olan "LİG Star" MMC 14 yanvar 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr, ev 4, m 18-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədzadə Mirzəağa Rafiq oğludur. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Maraqlıdır ki, Respublika Uşaq Sanatoriyası tərəfindən keçirilən digər tenderlərdə də yeni yaranan şirkətlər qalib olub. Respublika Uşaq Sanatoriyası 11.03.2020-ci il tarixində “Deniz-093” MMC adlı şirkətdən 139 min 921 manat 31 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satın alıb.  “Deniz-093” MMC-də tender elanından qısa müddət əvvəl yaradılıb. Uşaq Sanatoriyası tender elanını 31.01.2020-ci ildə elan edib. “Deniz-093” MMC isə 13.01.2020-ci ildə dövlət qeydiyyatına alınıb.
Açıqlanan məlumatlardan da açıq şəkildə görülür ki, həm tender məbləğində, həm tender elanlarının verilmə tarixində, həm də MMC-lərin qeydiyyat tarixləridə bənəzrlik var.
Bundan başqa Respublika Uşaq Sanatoriyası 01.02.2020-ci il tarixində "Suyun satın alınması" məqsədilə tender elan edib. Bu tender müsabiqəsinin qalibi olan "Dilək-1" MMC adlı şirkət təxminin 23 gün əvvəl - 07.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tenderin nəticəsinə əsasən "Dilək-1" MMC Uşaq Sanatoriyasına 35 min 290 ton su satıb. Bu miqdarda suyun satın alınması üçün Sanatoriya MMC-yə 178 min 214 manat 5 qəpik ödəyəcək. Rəqəmlərdən də göründyü kimi 1 ton suyun qiyməti 5 manat 5 qəpik təşkil edir. Qeyd edək ki, bu qiymət “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (ötən ilki tarif - 0,35 manat) müqayisədə 14,4 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 7 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top