Azərbaycanda yeni musiqi aləti hazırlandı: "İki il fikirləşmişəm"

Mingəçevirli musiqiçi Qurban Məmmədov öz ixtirası ilə görənləri heyran edib. Yeniavaz.com xəbər verir ki, 40 ildən artıq qarmon müəllimi kimi çalışan Q. Məmmədov maraqlı yeniliyə imza atıb. Q. Məmmədov Mingəçevirdəki Uşaq Yaradıcılıq Mərkəzinin müəllimidir. O, həm rəqsdən də dərs deyir. Deyir ki, əvvəllər yaxşı səsi olub, bir müddət müğəni kimi çalışıb. Səsi batdıqdan sonra meylini qarmona salıb. 40 ildən artıqdır ki, şirmayi dilli qarmon Qurban Məmmədovun sinəsində dilə gələrək nəğmələr çələnginə yeni havalar qatır.

"Yer kürəsində belə ikinci bir qarmon olsa mən öz qarmonumu pay verməyə hazıram",-deyən Qurban müəllim bildirdi ki, bu, onun öz ixtirasıdır: "Bunu özüm yığmışam. İki il bunu fikirləşmişəm və 3 ay müddətinə yığmışam. Bu qarmonun qeyri-adi özəlliyi ondadır ki, 512 orijinal səs var. İstəsən bu qarmonu darta-darta həmin səslərdən istifadə edib çala bilərsən, istəsən heç dartmayıb ifa edərsən. Bu qarmonu söküb yarısı ilə də ifa etmək mümkündür. Bu qarmon bir toyun bütün musiqi alətlərini özündə birləşdirir. Sintezatorda olmayan səslər mənim qarmonumda var".

"Toylara gedirsinizmi, bu musiqi alətinə münasibət neçədir?" sualımıza həmsöhbətimizin cavabı belə oldu: "Toylara gedirəm və bu qarmon görənləri çox maraqlandırır. Bu qarmonla ad günündə, adi bir şənlikdə tək ifa etmək mümkündür. Amma toyda, nişanda tək əldən yaxşı səs çıxmaz, ona görə müşayiət olanda daha gözəl alınır. Qarmonun bu formada yığılmasını öyrənmək istəyənlər çoxdur, amma çox qəliz məsələdir. Bu linza ilə işlənilən bir işdir. Buna hər kəsin səbri çatıb işləməz. Hər gün bunun üstündə 5-6 saat işləmişəm. Bunun elə bir sirri var ki, inanmıram ki, ikincisini kimsə düzəldə bilsin".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top