
Rusiyanın “Kommersant” qəzeti Ermənistanın baş naziri Nikol Paşinyan haqqında yazı dərc edib.
Yeniavaz.com xəbər verir ki, həmin məqalədə Paşinyanın siyasətdə mümkün olmayan şeyləri bacardığı bildirilib. Yazıda qeyd olunur ki, Ermənistanın baş naziri ölkədə bütün gücə sahib olduğu üçün lazım olduqda müxtəlif rollarda çıxış edə bilir. Belə ki, Paşinyan 1 martda müxalifətlə “küçə qarşıdurması”nda qalib gəldi. Onun İrəvanda çağırdığı axşam mitinqi şəhər boyunca gecə yürüşü ilə davam etdi. Rəqiblərinə qarşı hücuma keçərək hakimiyyətdə olacağını və eyni zamanda müxaliflərlə tamamilə inqilabi mübarizə aparacağını göstərdi.
Paşinyan birbaşa hökumət binasından polisin əvvəlcədən qurduğu təhlükəsiz bir dəhlizlə hərəkət etdi. Səhnəyə qalxdı və bir saatdan çox müddət ərzində izdihamı idarə etdi. Mitinq iştirakçılarını, onu bəyənərək qışqırmağa, sonra qəzəblənməyə, sonra itaətkarlıqla susmağa məcbur etdi. “Kommersant” bildirir ki, bu proses bir növ hipnoz idi və 2018-ci ildəki Məxməri İnqilab dövründəki mitinqlərə bənzəyirdi:
“Çıxışının əvvəlində səhvlərinə görə üzr istədi. Çıxışın qalan hissəsini artıq baş nazir kimi yox, inqilabçı kimi danışdı. Ermənistanda kimin hakimiyyətdə olacağına yalnız xalqın qərar verə biləcəyini söylədi. Bütün bunları edə bilən Paşinyan filmdə oynasa “Oscar” mükafatı alar”.