Bakıdan Tbilisiyə uçuşlar başlayır


Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Gürcüstanın paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayır. 

Yeniavaz.com xəbər verir ki, uçuş cədvəlinə əsasən pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu martın 19-da yerinə yetiriləcək.

Qeyd olunan marşrut üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. 

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reys üçün biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin www.butaairways.az rəsmi saytında əldə etmək mümkündür. Biletləri həmçinin aviaşirkətin rəsmi agentliklərindən də əldə edə bilərsiniz (yalnız "Super" tarifi üzrə).

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir. Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top