Milli Qəhrəmanın atası: "Oğlum arzusuna çatdı"

Mingəçevirdəki Şəhidlər Xiyabanında oğlunun məzarının başında bir ana və ata ağlayırdı. Ana başqa bir millətdən olsa da, Azərbaycan dilində oğluna ağı deyir, məzarı önündə göz yaşları tökürdü. Onların dərdinə şərik olmaq üçün oğullarına Allahdan rəhmət dilədik. Elə Şəhidlər Xiyabanında bu ata və ana ilə həmsöhbət olduq. Atanı qəhər boğdu, gözləri yaş içində dedi ki, qismətimizdə övlad dağı da görmək var imiş. Valentina xanım dedi ki, biz Milli Qəhrəman Ruslan Həmidovun valideynləriyik: "25 ildir bu məzar başında göz yaşları tökürük. Oğlumla bağlı ürəyimdə arzularım yarımçıq qaldı. Belarusiyadan bura gəlin gəlmişəm. Ailə həyatı qurub 50 ildir ki, Azərbaycanda yaşayıram. Bura da artıq mənim vətənimdir. 3 oğlumuz, bir qızımız oldu. Ruslan ortancıl oğlumuz idi. Oğlumuz Ruslan hələ 15 yaşı olanda elə hey deyirdi ki, mən qəhrəman olacam. Biz deyirdik ki, "ay bala, nə danışırsan, müharibə yox, ölkəmizdə əminamanlıqdır, sən harada qəhrəman olacaqsan. Onu da deyim ki, atam 41-45 müharibəsində kəşfiyyatçı olmuşdur. O, həmişə nəvələrinə vətənpərvərlikdən, döyüş illərindən danışırdı. Ruslan onda elə maraqla qulaq asırdı ki...

Ruslan 1973-cü ildə Mingəçevirdə anadan olub. 1990-cı ildə Mingəçevir 15 saylı (indi Texniki lisey) orta məktəbinin rus bölməsini bitirib. Bitirdikdən sonra Vitebsk şəhərində ali məktəbə daxil oldu. Lakin oxumadı. Qayıdıb bizimlə bərabər Mingəçevirə gəldi. 1991-ci ilin dekabrında Sumqayıt batalyonunun Daxili Qoşunlarında hərbi xidmətə yollandı. Milli Ordu sıralarında kəşfiyyatçı oldu".

Milli Qəhrəmanın atası Həmid Həmidov bildirdi ki, oğlu ilə fəxr edir və şəhidlik hər kəsə nəsib olmur: "Oğlumuz son nəfəsinə qədər qəhrəmancasına döyüşdü. Hələ əsgəri xidməti zamanı bir neçə yoldaşı ilə qaçıb döyüş bölgəsinə gediblər. Birbaşa döyüşlərin qızğın vaxtı, 1992-ci ilin aprelində Ağdamın Papravənd kəndinə göndərilib. Orada həyata keçirilən kəşfiyyatın daha da uğurlu olmasında oğlumun da müstəsna rolu olub. Həmin an Azərbaycan Silahlı Qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. Təyyarəni xilas etmək üçün bir neçə yoldaşı ilə keçirilən əməliyyatda iştirak edərək mühasirəyə düşür. Onlar igidcəsinə mühasirəni yararaq təyyarəçiləri azad edirlər. Amma oğlum 1992-ci ilin avqustun 22-də Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olur. Bir ata kimi oğlumla bağlı arzularım vardı. İstəyirdim ki,o da hamı kimi oxuyub ali savad alsın. Amma oğlum daha yüksək ad aldı. Milli Qəhrəman, belə bir oğul atası olmağımla fəxr edirəm. İndi məzarının başında durub qürbətdə yaşayan qardaşlarının, bacısının salamlarını deyirik. Bizim övladlarımız Belarusiyada yaşayırlar. Biz ora getmək istəmədik. Axı Ruslan burada təkdir. Onu qoyub necə buradan gedə bilərik".

"Məni öləndə Azərbaycanda dəfn edin",-deyən Valentina xanım oğlunun yoxluğu ilə barışa bilmədiyini deyir: "Ruslan ayrı bala idi. O vətənə, elə çox bağlı bir uşaq idi. O, öz arzusuna çatdı - qəhrəman oldu, sevdiyi vətənində də qaldı".

Şəhid anası bütün şəhid analarına bir ismarıc da göndərdi: "Hamınıza səbr arzulayıram, amma Qarabağ məsələsi birdəfəlik həllini tapsa, yaxşı olar. Neçə illərdir şəhidlər veririk, nə qədər bizim kimi analar, atalar gözüyaşlı qalır. Bir də onu demək istərdim ki, şəhidlərimiz ildə bir dəfə yox, ilin bütün aylarında yada salınsın. Soyuq məzarları qoy həmişə anılsın. Məktəblilərə, gənclərə onların igidliyindən, qorxmazlığından müəllimələr danışsın. Biz şəhid anaları da bundan təsəlli tapaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Oxuduğu Mingəçevir Texniki Liseyi şəhidin adını daşıyır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top