İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı adı çəkilən vətəndaşın ayaqqabısından 2 ədəd bükümdə ümumi xalis çəkisi 14,277 qram olan metamfetamin, 1 ədəd bükümdə isə 65 ədəd həb şəklində metadon aşkar edilib. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Bundan başqa, İran vətəndaşının corabından 1 ədəd, daxili orqanından (düz bağırsağından) isə 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top