Ermənistan prezidenti Armen Sarkisyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.
Yeniavaz.com "sputnik"ə istinadla xəbər verir ki, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
Sarkisyanın sözlərinə görə, hərbi əməliyyatlarla əlaqədar Silahlı Qüvvələrin bu gün həmişəkindən daha çox yardım və diqqətə ehtiyacı var. Ordu və şəxsi heyətin problemlərinin həlli prioritetdir və nəzərə alınmaya bilməz. O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdırlar.
Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb və onu Prezidentə göndərib.